...

Azərbaycan Baş Prokurorluğu keçmiş deputatlığa namizədin saxlanılması barədə məlumat yayıb

Cəmiyyət Materials 27 Yanvar 2011 19:02 (UTC +04:00)
Azərbaycan Respublikası Baş Prokurorluğu keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin saxlanılması barədə rəsmi məlumat yayıb. Bu barədə cümə axşamı Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Baş Prokurorluğu keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin saxlanılması barədə rəsmi məlumat yayıb. Bu barədə cümə axşamı Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

2004-cü il yanvarın 2-də Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığında həkim komissiyasından keçərək hərbi xidmətə yararlı hesab edilən 1982-ci təvəllüdlü Gəncə şəhər sakini Hacıyev Bəxtiyar İlyas oğluna ilk dəfə Ağdaş özəl türk liseyində təhsil alması, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində, 2004-2006-cı illərdə isə Xəzər Universitetində təhsilini davam etdirməsi ilə əlaqədar hərbi komissarlıq tərəfindən möhlət hüququ verilib.

O, 30 iyun 2006-cı il tarixdə möhlət hüququnun bitməsinə baxmayaraq, həmin tarixdən qeydiyyatda olduğu Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığına gəlməyib.

Sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyev 2010-cu il iyulun 10-da Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığında təkrar olaraq tibbi komissiyadan keçərək hərbi xidmətə yararlı hesab edilib və onun adı 2010-cu ilin oktyabr çağırışına çağırılmalı olanların siyahısına əlavə olunaraq həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissəyə təyin edilib. Lakin o, çağırışın aparıldığı vaxtda komissarlığa gəlməyib.

Bəxtiyar Hacıyev Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq 2010-cu il noyabrın 19-da Nizami rayon Hərbi Komissarlığına gətirilib və həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar həkim komissiyasından keçməsi təklif olunub. Lakin o, həkim komissiyasından keçməkdən, çağırış vərəqəsinə və iltizama imza atmaqdan imtina edib.

27 dekabr 2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Hərbi Komissarlığı tərəfindən Bəxtiyar Hacıyevin hərbi xidmətdən boyun qaçırması ilə əlaqədar toplanmış materiallar Gəncə şəhər prokurorluğuna göndərilib.

24 yanvar 2011-ci il tarixdə Bəxtiyar Hacıyev Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq Gəncə şəhəri Nizami rayon Hərbi Komissarlığına gətirilib, lakin hərbi xidmətə getməkdən yenidən imtina edib.

Həmin tarixdə hərbi xidmət keçməkdən boyun qaçırdığına görə Bəxtiyar Hacıyevin barəsində Gəncə şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti