...

Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi 617 347 nəfər əmək pensiyaçısına şamil olunacaq - Səlim Müslümov

Cəmiyyət Materials 16 Fevral 2011 12:49 (UTC +04:00)
"Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin sərəncamı 617 347 nəfər əmək pensiyaçısına şamil olunacaq.
Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi 617 347 nəfər əmək pensiyaçısına şamil olunacaq - Səlim Müslümov

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Ü.İsmayılova/

"Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin sərəncamı 617 347 nəfər əmək pensiyaçısına şamil olunacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

"Ümumilikdə isə artımlar fərqli olacaq, yəni kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı da daha yuxarı olacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,4 milyon manat, il ərzində isə 18 milyon manat əlavə vəsait tələb olunacaq. Maliyyələşmənin həyata keçirilməsi üçün heç bir problem yoxdur və bu artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın məbləği 114 manata çatacaq", - Müslümov deyib.

Azərbaycan Prezidenti İlham Əliyev 15 fevral 2011-ci il tarixdə "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncam imzalayıb.

DSMF sədri deyib ki, 2010-cu ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət və uğurlu antiböhran tədbirləri sayəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, bununla belə istehlak qiymətlərinin 5,7 faizlik indeksi qeydə alınıb.

Sərəncama əsasən, DSMF tərəfindən 2010-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2011-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək.

"Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq", - Müslümov bildirib.

DSMF sədrinin sözlərinə görə, ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli, şəffaf şəkildə bölgüsünə imkan verir.

"Sığorta-pensiya sistemində informasiya kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində cənab Prezidentin əmək pensiyalarının istər baza hissəsinin artırılması, istərsə də sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarının icrası avtomatlaşdırılmış qaydada həyata keçirilir. Əvvəlki sistemdə pensiyalara artımların müxtəlif dövrlərə uyğun fərqli indeksləşdirmə metodları əsasında və müxtəlif vaxtlarda aparılması həmin tədbirdən kənarda qalan bu və ya digər pensiyaçılar kateqoriyasının haqlı narazılığı ilə nəticələnirdi. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilib", - Müslümov deyib.

Xəbər lenti

Xəbər lenti