...

Azərbaycan ombudsmanı Aliment Fondunun yaradılmasını təklif edir

Cəmiyyət Materials 1 Mart 2011 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı Aliment Fondunun yaradılması təklifi ilə çıxış edib.

Trend-in məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi 2010-cu il üzrə hesabatda bildirilir.

Ombudsman hesab edir ki, uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin Dövlət Sosial Müdafiə Fondu, yaxud mərkəzi icra hakimiyyəti orqanı nəzdində yaradılmış və dövlət tərəfindən maliyyələşdirilən Aliment Fondu tərəfindən ödənilməsi üzrə mexanizm yaradılması bu sahədə problemlərin həllində əhəmiyyətli olacaq.

Ombudsmanın vətəndaşların məhkəmə qərarlarının icrası ilə bağlı müraciətləri əsasında apardığı araşdırmalar zamanı məlum olub ki, icra işinin yubadılması, süründürməçiliyə yol verilməsi, hüquqazidd nöqsan və hərəkətlər ədalət mühakiməsinin səmərəliliyini azaldır.

Bəzi icra məmurlarının öz vəsifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti nəticəsində qərarlar uzun müddət icrasız qalır.

Hesabatda deyilir ki, işə bərpa, əmək haqqı və son haqq-hesab, əmlak, mənzil, torpaq və aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi və ya icranın gecikdirilməsi ilə bağlı şikayətlər çoxluq təşkil edir.

Xəbər lenti

Xəbər lenti