...

Bütün Qafqazın şeyxi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

Cəmiyyət Materials 30 Mart 2011 13:04 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.
Bütün Qafqazın şeyxi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

"Bütün dünya ictimaiyyətini soyqırımlara məruz qalmış Azərbaycan xalqının faciələrinə biganə qalmamağa, mənfur qonşularımız tərəfindən bizə qarşı törədilmiş dəhşətli soyqırım aktlarına prinsipial hüquqi qiymət verməyə, Qarabağ münaqişəsinin ədalətli həllində bizimlə həmrəy olmağa, haqq səsimizə səs verməyə çağırıram", - Paşazadə müraciətində deyib.

O, bildirib ki, dünya ictimaiyyəti azərbaycanlıların soyqırıma məruz qalmasına dair tarixi arxivlərdə mövcud acı həqiqətləri bilməlidir.

"Belə ki, Azərbaycan xalqı erməni ekstremistlərinin təcavüzü ilə yanaşı, erməni lobbilərinin bütün dünyaya car çəkdiyi dezinformasiyalardan da əziyyət çəkir. Bu ölkə özünün "tarixi əzabkeşliyi" barədə mifdən istifadə edərək, törətdiyi vəhşiliklərə, kütləvi qırğınlara, Azərbaycana qarşı hərbi müdaxiləsinə, istilasına dünya ictimaiyyəti qarşısında haqq qazandırmağa çalışır. Lakin təəssüf ki, müasir dünyada biz bəzən əsl deyil, saxta soyqırımların tanınması, soyqırım törətmişlərin "soyqırım qurbanları" kimi qələmə verilməsi meyllərinin şahidi oluruq və bu bizi hədsiz narahat edir. Halbuki yaxın tarixdə - 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı illərdir etdiyimiz müraciətlər hələ ki bir nəticə vermir" - QMİ sədri qeyd edib.

XX əsr ərzində müstəqilliyə qovuşmaq səadətinə nail olmuş Azərbaycan xalqı, təəssüflər olsun ki, mənfur düşmənlərin məqsədli şəkildə törətdikləri vəhşi qətliamlar səbəbindən on minlərlə övladını qurban verib. Azərbaycanın bir çox yerlərində 93 il bundan əvvəl - 1918-ci ilin martında törədilmiş ağlasığmaz soyqırım cinayətlərinin qanlı izləri - kütləvi insan qəbirstanlıqları mövcuddur. Qubadakı kütləvi məzarlıq buna əyani misaldır.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gün ərzində Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Xəbər lenti

Xəbər lenti