...

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Bakı şəhər sakininin itkin düşməsi ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 9 Aprel 2011 17:13 (UTC +04:00)
Cari il aprelin 2-də Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə Bakı şəhər sakini Reyhan İsgəndərlinin evdən çıxaraq naməlum istiqamətə getməsi və bir daha geri qayıtmaması barədə məlumat daxil olub
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Bakı şəhər sakininin itkin düşməsi ilə bağlı məlumat yayıb

Cari il aprelin 2-də Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə Bakı şəhər sakini Reyhan İsgəndərlinin evdən çıxaraq naməlum istiqamətə getməsi və bir daha geri qayıtmaması barədə məlumat daxil olub.

İlkin araşdırmalarla Reyhan İsgəndərlinin qətlə yetirilməsinə dəlalət edən kifayət qədər əsaslar müəyyən edildiyindən Nəsimi rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin şənbə günü yaydığı məlumatda deyilir.

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 8-də R.İsgəndərlinin keçmiş həyat yoldaşının qohumu Gəncə Cəfərov və sonuncunun evində təmir işləri aparmış İlqar Ağayev şübhəli şəxs qismində saxlanılmışlar. Onlar ifadələrində aprelin 1-də Gəncə Cəfərovun evində olarkən aralarında baş vermiş mübahisə zəminində Reyhan İsgəndərlini qətlə yetirdiklərini və meyitini avtomaşınla Xızı rayonuna aparıb Altıağac qəsəbəsinə gedən yolun kənarındakı ərazidə basdırdıqlarını etiraf etmişlər.

Reyhan İsgəndərlinin meyiti göstərilən yerdən çıxarılaraq müayinə edilməsi üçün məhkəmə-tibbi ekspertizasına göndərilmişdir.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti