Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/
Apreldə Azərbaycan Təhsil Nazirliyinə 1824 müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmi saytında bildirilir.
Özəl ali təhsil müəssisələrindən daxil olmuş 26 müraciətdən 1-i Odlar Yurdu (diploma rüsum istənilməsi haqqında), 1-i Təfəkkür (ABU-dan köçürülən tələbələrin təhsil haqqı ilə əlaqədar), 24-ü isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı olub. ABU-dan daxil olan müraciətlərdə bu təhsil müəssisəsinin sabiq tələbələrinin sənədlərinin verilməsində yaranan problemlərdən bəhs olunur. Bütün müraciətlər Təhsil Nazirliyi tərəfindən araşdırılıb.
Aprel ayında daxil olmuş şikayət məzmunlu müraciətlərin təhlili göstərir ki, onların çoxu yenə də ümumtəhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 57, digər şəhərlərin ümumtəhsil məktəblərindən 20 (Gəncədən 5, Sumqayıtdan 14, Naftalandan 1), Abşeron rayonundan 10, Lerikdən 6, Ağcabədi dən 4, Cəlilabad, Biləsuvar, Şamaxı, Bərdə və Ağdam rayonlarının hər birindən 3, Yardımlı, Qəbələ və Daşkəsən rayonlarının hər birindən 2, Ağstafa, Qazax, Cəbrayıl, Lənkəran, Balakən, Kürdəmir, Göygöl, Zaqatala, Kəlbəcər, Şabran, Ağdaş, Saatlı, Qobustan, Ucar, Goranboy, Quba, Beyləqan və İmişli rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.
Müraciətlərin 1693-ü telefonla, 131-i elektron poçt vasitəsi ilə qəbul edilib. Əksəriyyəti (1655) sorğu və məlumat xarakterli olan müraciətlərin 198-də təhsil müəssisələrində yol verilmiş nöqsanlardan bəhs olunur. Müraciətlərin əksər hissəsi ümumtəhsil məktəblərinə, digər qismi məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, məktəbdənkənar tərbiyə, texniki peşə təhsili müəssisələri, eləcə də xaricdə təhsil məsələlərinə aiddir.
Ümumtəhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsi məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, imtahan və olimpiada nəticələrindən apelyasiya, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqlarından qanunsuz tutulmalarla əlaqədardır. Bir çox müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, araşdırma zamanı onların anonim olduğu aşkarlanıb, bir sıra müraciətdə isə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.
Müraciətdə qaldırılmış məsələlərin 90 faizdən çoxu öz həllini tapıb.
Ötən ay məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərin sayı mart ayına nisbətən 2 dəfə çox olub.