Azərbaycan, Bakı, 13 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Ombudsman Aparatının nümayəndələri həbsxanalardakı vəziyyəti yoxlayıblar.
İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, cərimə təcridxanalarındakı (CT) vəziyyətin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2, 6 və 15 saylı cəzaçəkmə müəssisələrinə (CÇM) qısamüddətli baş çəkiblər. Trend-in Ombudsman Aparatının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, onlar bu CÇM-lərin cərimə təcridxanalarında saxlanılan məhkumlarla görüşüb, saxlanma şəraitini öyrənib, hüquqlarını izah ediblər.
Həmin məhkumlar saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Onların burada saxlanılmalarını təsdiqləyən sənədlər yoxlanılıb, pozuntu halları aşkar edilməyib.
15 saylı CÇM-in girişində məhkumlarla görüşə gələnlər üçün yeni tikilmiş gözləmə otağı da müsbət hal kimi qiymətləndirilib.
Araşdırma zamanı 15 saylı CÇM-nin CT-də təmir işləri aparılaraq şəraitin standartlara uyğunlaşdırıldığı, 2 saylı CÇM-də təmir işlərinin davam etdirildiyi müəyyənləşdirilib.
Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.