...

Azərbaycan mədəniyyəti Mexikoda təmsil olunur (FOTO)

Cəmiyyət Materials 25 May 2011 15:13 (UTC +04:00)
Azərbaycan mədəniyyəti Mexiko şəhərində 15 gün ərzində davam edəcək ənənəvi "Dost ölkələrin mədəniyyət yarmarkası"nda təmsil olunur.
Azərbaycan mədəniyyəti Mexikoda təmsil olunur (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan mədəniyyəti Mexiko şəhərində 15 gün ərzində davam edəcək ənənəvi "Dost ölkələrin mədəniyyət yarmarkası"nda təmsil olunur. Bu barədə Trend-ə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Yarmarka Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklər vasitəsilə öz ölkələrinin mədəniyyətinin təbliği və tanıdılması üçün Mexiko şəhərinin hökuməti tərəfindən təşkil edilib. Mədəniyyət yarmarkasında, həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan səfirliyi də təmsil olunur.

Yarmarka Mexiko şəhərinin ən iri və mərkəzi prospektlərindən biri olan "Reforma" prospektində təşkil edilib. Təşkilatçıların bildirdiyinə görə, 30 milyonadək əhalisi olan Mexiko şəhərində gün ərzində bir neçə milyon şəhər sakini və turistlər yarmarkanı ziyarət edirlər.

Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, adət-ənənələri haqqında məlumatlarla yanaşı, ölkə haqqında məlumatlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə çap və elektron materiallar nümayiş etdirilir və paylanılır. Həmçinin, üzərində ispan dilində "Qarabağ, Azərbaycan", "Azərbaycan - Odlar diyarı" yazılmış köynəklər, idman papaqları, qolbağılar, fincanlar, divar saatları və digər əşyalar, habelə müxtəlif milli şirniyyat növləri ziyarətçilərə təqdim edilir.

Yarmarkanı ziyarətə gələn Mexiko şəhər sakinləri, çoxsaylı turistlər və Meksikanın kütləvi informasiya vasitələri tərəfindən Azərbaycan üçün ayrılmış əraziyə böyük maraq göstərilir. Azərbaycan 2011-ci il "Eurovision" mahnı müsabiqəsində qalib gəldikdən sonra bu marağın xüsusilə artdığı müşahidə olunur.

Həftənin bütün günləri açıq olan sərgi zamanı Azərbaycanın milli musiqisi, rəqsləri, habelə ölkəmizdə turizm imkanlarından bəhs edən videoçarxlar nümayiş etdirilir.

Sözügedən tədbir ümumən Azərbaycanın təbliği və təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti