...

Türkiyə universitetlərinin magistraturasına ərizə qəbulunun vaxtı uzadılıb

Cəmiyyət Materials 7 İyun 2011 14:49 (UTC +04:00)
Azərbaycan vətəndaşlarının 2011-2012-ci tədris ili üçün Türkiyə universitetlərinin magistratura pilləsinə ərizələrinin qəbul vaxtı 7 gün uzadılıb.
Türkiyə universitetlərinin magistraturasına ərizə qəbulunun vaxtı uzadılıb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan vətəndaşlarının 2011-2012-ci tədris ili üçün Türkiyə universitetlərinin magistratura pilləsinə ərizələrinin qəbul vaxtı 7 gün uzadılıb.

Bunu çərşənbə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

O bildirib ki, Türkiyə universitetlərinin magistraturasına qəbul olmaq istəyən bakalavrlar iyunun 14-dək tələb olunan sənədləri TQDK-da təşkil olunmuş Sənəd Qəbulu Komissiyasına (SQK-ya) təqdim edib qeydiyyatdan keçməlidirlər.

Ərizə qəbulu başa çatdıqdan sonra Türkiyənin Azərbaycandakı səfirliyi və TQDK-nın təmsil olunduğu Qəbul (seçmə) Komissiyası müsabiqə keçirəcək. Türkiyə universitetlərinin magistraturasına Azərbaycan ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsini bitirmiş Azərbaycan vətəndaşlarının qəbulu aparılacaq.

Türkiyə Respublikasının universitetlərinin magistraturasında təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşları qəbulun nəticələri elan olunduqdan sonra üç gün ərzində Azərbaycan Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər.

Türkiyə Respublikasının universitetlərinin magistraturasına qəbul olunanlar bir tədris ili ərzində Türkiyədə hazırlıq kursu keçdikdən sonra orada təşkil olunacaq buraxılış-qəbul imtahanlarını müvəffəqiyyətlə verdikləri təqdirdə seçdikləri ixtisaslara uyğun olaraq Türkiyə Yüksək Öyrətim Kurulu tərəfindən universitetlərə yerləşdiriləcəklər.

Azərbaycan vətəndaşları Türkiyə universitetlərinin magistraturasına qəbul olunduqları təqdirdə 2011-2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanında iştirak etmək hüququnu itirəcəklər.

Türkiyə universitetlərinin magistraturasına Azərbaycan ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsini bitirmiş, və ya bakalavriatura səviyyəsinin sonuncu kursunda təhsil alan, yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan, bu il iyunun 20-də keçirilmiş magistraturaya qəbul imtahanının birinci mərhələsindən keçən Azərbaycan vətəndaşları qəbul oluna bilərlər.

Xəbər lenti

Xəbər lenti