...

Azərbaycan dünyada süd vəzisi xərçənginin geniş yayıldığı ölkələrdəndir

Cəmiyyət Materials 10 İyun 2011 17:42 (UTC +04:00)
Azərbaycan dünyada süd vəzisi xərçənginin geniş yayıldığı ölkələrdən biridir. Bunu cümə axşamı Trend-ə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov deyib.
Azərbaycan dünyada süd vəzisi xərçənginin geniş yayıldığı ölkələrdəndir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan dünyada süd vəzisi xərçənginin geniş yayıldığı ölkələrdən biridir. Bunu cümə axşamı Trend-ə Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov deyib.

Onun sözlərinə görə, dünyada hər 10-cu onkoloji qadın süd vəzisi xərçənginin daşıyıcısı olduğu halda, Azərbaycanda hər 8-9-cu onkoloji xəstə süd vəzisi xərçəngindən əziyyət çəkir.

Azərbaycanda hər il təqribən 7500-8000 xəstəyə ilk dəfə onkoloji diaqnoz qoyulur.

Qasımov deyib ki, Azərbaycanda daha çox süd vəzisi xərçəngi yayılır. Bununla yanaşı, ağciyər xərçənginə yoluxma halları da çox baş verir.

Baş həkim hesab edir ki, Azərbaycanda süd vəzisi xərçənginin daha çox yayılmasının əsas səbəbləri qadınların təhsil imkanlarının artması səbəbindən onların vaxtlarının çatışmazlığı, bu səbəbdən də onların öz uşaqlarını ana südü ilə qidalandıra bilməməsi, ailədə yeni doğulan uşaqların sayının azalması və s. ilə bağlıdır.

Ümumilikdə onkoloji xəstəliklərin yaranmasına qidalanmada Avropa tipli qidalara üstünlüyün verilməsi, siqaret və spirtli içkilərdən istifadə, radioaktiv şüaların təsiri, istehsalat tullantıları ilə ətraf mühitin çirklənməsi amilləri təsir göstərir.

Qasımov deyir ki, qidalanma zamanı Avropa tipli qidalardan istifadə orqanizmdə konslaragent maddələrin artmasına, bu isə öz növbəsində kökəlməyə gətirib çıxarır.

"Xəstəliyin bəzi növlərinə daha çox kişilərdə, bəzi növlərinə isə daha çox qadınlarda rast gəlinir. Dünya üzrə orta statistik göstəricilərə görə, süd vəzisi xərçəngi üzrə hər 100 xəstənin 98-i qadındır, 1-2-si kişidir. Mədə xərçənginin nisbəti 3-ün ikiyədir. Yəni 3 xəstə kişiyə 2 xəstə qadın düşür. Ağciyər xərçəngi üzrə hər 100 xəstənin 90-ı kişidir, 10-u qadındır. Bu göstəriciləri Azərbaycana da aid etmək olar", - Qasımov deyib.

Baş həkim hisə verilmiş ərzaq məhsullarının mədə-bağırsaq xərçənginin əmələ gəlməsində müəyyən rol oynadığını da açıqlayıb.

"Mədə xərçənginin yaranmasında hisə verilmiş kolbasa, sosiska, balıq, ətin həmişə rolu olub. Sadəcə olaraq, onları elə hisə vermək lazımdır ki, orada olan konslaragent maddələr ümumi qəbul olunmuş dozadan yuxarı olmasın. Nəzərə almaq lazımdır ki, qidalanma yaxşılaşdıqca mədə xərçəngi azalır, bağırsaq xərçəngi çoxalır. Amma qidalanma pisləşdikcə mədə xərçəngi çoxalır. Azərbaycanda mədə xərçəngi azalmağa meyillidir. Bu, dünyada da belədir. Ümumiyyətlə, hesab edilir ki, onkoloji xəstəlik varlı ölkələrin xəstəliyidir. Kasıb ölkələrin onkoloji xəstələri olmur", - onkoloq əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, süd vəzisi xərçəngi dünyada qadın ölümünün əsas səbəblərindən biridir. Dünyada hər il bu xəstəliyə bir milyona yaxın qadın tutulur, yarım milyona qadın isə dünyasını dəyişir. 2050-ci ildə onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayının 24 milyona yüksələcəyi, bu xəstəlikdən ölənlərin sayının isə 16 milyona çatacağı ehtimal olunur.

Nazirlər Kabinetinin hesabatına görə, Azərbaycanda 2010-cu ildə aşkar olunmuş onkoloji xəstələrin sayı 6 faiz artıb. Ölkədə 2010-cu ildə 8119 şəxsdə bədxassəli şiş aşkar edilib ki, bu da 2009-cu illə müqayisədə 466 nəfər çoxdur. Ötən il ölkə üzrə onkoloji xəstəliklərdən ölənlərin sayı 59 nəfər azalaraq 5347 nəfər olub.

Xəbər lenti

Xəbər lenti