Azərbaycan, Bakı, 24 iyun /Trend/
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında cümə günü 2011-ci ilin birinci yarısında insan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilmiş layihələrin icra vəziyyəti müzakirə edilib. Trend-in məlumatına görə, bu barədə Şuradan bildirilib.
Tədbiri açan Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov qeyd edib ki, ölkədə insan hüquqlarının qorunması və demokratiyanın dərinləşməsi ilə bağlı dövlət tərəfindən görülən işlərə vətəndaş cəmiyyətinin dəstək verməsi son dərəcə vacibdir. Qurbanov layihələrin icrasında qazanılmış uğurlu nəticələr, eləcə də yol verilmiş nöqsanlar barədə danışıb. Nöqsanların aradan qaldırılması üçün layihə və QHT rəhbərləri təlimatlandırılıb.
Tədbirdə bildirilib ki, 2011-ci ilin birinci yarısında insan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilmiş 16 layihəyə 91 200 manat vəsait ayrılıb. Layihələr ölkənin 16 rayon və şəhərini əhatə edib. Layihələrin icrasına cəlb edilmiş şəxslərdən 40 nəfəri aylıq əməkhaqqı alıb.
Layihələr çərçivəsində 2 QHT mövzuya aid müxtəlif kitab, broşür və buklet çap edərək yayıb, 3 QHT təlimlər və seminarlar təşkil edib, 3 QHT monitorinq və sorğular keçirib, 3 QHT təlimlər keçib, 1 QHT ictimai debat təşkil edib, 3 QHT isə maarifləndirmə tədbirləri həyata keçirib.
2011-ci il iyunun 29-da mədəniyyət məsələləri ilə bağlı təşəbbüslər üzrə maliyyələşdirilən layihələrin icra vəziyyəti müzakirə ediləcək.