Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ticarət mərkəzlərində satılan dondurmalarla bağlı yoxlamalar aparır. Bunu Trend-ə RGEM-in qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, yoxlamalar zamanı dondurmaların təhlükəsizlik göstəriciləri araşdırılır.
"Hələlik müxtəlif dondurmalardan 52 nümunə götürülüb. Ümumilikdə nümunələrin sayını 100-ə çatdırmağı nəzərdə tuturuq. Hələ ki, narahatedici nəticə əldə edilməyib. Amma araşdırmalarımızı davam etdiririk. Müayinəyə daha çox nümunələr cəlb etməklə satışda olan dondurmaların heç olmasa, 30-50 faizini yoxlamaq istəyirik", - bölmə müdiri əlavə edib.
Abdullayev deyib ki, mərkəzin nümayəndələri satışdakı dondurmalardan başqa, birbaşa istehsal müəssisəsinə gedərək oradan da nümunələr götürürlər.