...

Türkdilli dövlətlər latın qrafikalı əlifbaya keçid məsələsində Azərbaycanın təcrübəsini öyrənirlər - deputat

Cəmiyyət Materials 5 Avqust 2011 15:42 (UTC +04:00)
Latın qrafikalı əlifbaya keçid məsələsində digər türkdilli dövlətlər Azərbaycanın təcrübəsini öyrənirlər.
Türkdilli dövlətlər latın qrafikalı əlifbaya keçid məsələsində Azərbaycanın təcrübəsini öyrənirlər - deputat

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir T.Hacıyev/

Latın qrafikalı əlifbaya keçid məsələsində digər türkdilli dövlətlər Azərbaycanın təcrübəsini öyrənirlər. Trend-in məlumatına görə, bu barədə dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, millət vəkili Nizami Cəfərov Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, latın qrafikalı əlifbaya keçidlə bağlı Azərbaycan böyük təcrübəyə malikdir. Cəfərov bildirib ki, hələ sövetlər dönəmində latın qrafikasından kiril əlifbasına keçid xalqımıza qarşı repressiyanın bir elementi idi və repressiya faktoru olduğu üçün bundan imtina doğru addımdır.

"Məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi idi ki, latın əlifbasına birdən-birə keçid baş vermədi. Bu proses müxtəlif səviyyələrdə tədricən getdi. Azərbaycandan sonra türk dünyasında özbəklər də latın əlifbasına keçid ərəfəsindədirlər. Qazaxlar da bizim təcrübəmizi öyrəndilər, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin yaratdığı komissiya Türkiyə və Azərbaycanda oldu. Ölkəmizdə əlifbaya keçərkən nə etmək lazım olduğu barədə müəyyən məsləhətlər aldılar və hətta xırda incəliklərə qədər maraqlandılar, bizdə keçid baş verən zaman cəmiyyətin müxtəlif zümrələrinin necə münasibət göstərmələri barədə soruşdular. Yəqin ki, qazaxlar da bu əlifbaya keçəcəklər. Qazaxların ardınca qırğızlar da bu addımı atacaqlar. Çünki qazaxlarla qırğızların dili bir-birinə çox yaxındır. Faktiki olaraq Azərbaycan dövləti bu dəfə də öncüllüyü ələ aldı və uğurlu təcrübəni digərlərinə verdi. Bundan başqa türk xalqları da faydalanırlar. Eləcə də, yarımmüstəqil dövləti olan türk xalqları - tatarlar, başqırdlar, yakutlar da bu məsələni düşünür və bizim təcrübəni də öyrənirlər", - Cəfərov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti