...

Əflatun Amaşov: Senzuranın ləğvindən sonra Azərbaycanda dövlətin mətbuata heç bir təzyiq mexanizmi qalmadı

Cəmiyyət Materials 6 Avqust 2011 12:56 (UTC +04:00)
Azərbaycan mətbuatı üzərində senzuranın ləğvi ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət idi. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.
Əflatun Amaşov: Senzuranın ləğvindən sonra Azərbaycanda dövlətin mətbuata heç bir təzyiq mexanizmi qalmadı

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan mətbuatı üzərində senzuranın ləğvi ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət idi. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.

"1998-ci il avqustun 6-da "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalandı. Bu fərmanın imzalanmasından sonra Azərbaycan mətbuatının qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində çox ciddi işlər görüldü. "Kütləvi İnformasiya Vasitələri haqqında" qanun təkmilləşdirildi, Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, Milli Televiziya və Radio Şurası, mətbuatın özünütənzimləmə mexanizmi olan Mətbuat Şurası yaradıldı, "İctimai Televiziya haqqında" qanun qəbul olundu", - Amaşov əlavə edib.

MŞ sədri qeyd edib ki, Azərbaycan dilində ilk qəzet 1832-ci ildə çıxıb. Bu ,"Tiflisskoe vedomosti" qəzetinin Azərbaycan bölməsi olan "Tiflis əxbarı" qəzeti idi. Azərbaycan Milli Mətbuatının yaranması isə 1875-ci ildə "Əkinçi" qəzetinin nəşrindən hesablanır. Azərbaycan Milli Mətbuatının 136 illik tarixi var. Amaşov vurğulayıb ki, Azərbaycan dilində çıxan ilk qəzetin 180 ilə yaxın tarixi var, ancaq o vaxtdan 1998-ci ilə qədər Azərbaycan mətbuatının üzərində həmişə senzura olub.

"Çar dövründə, Sovetlər dövründə və müstəqilliyimizin ilk illərində mətbuat üzərində senzura olub. 1998-ci ildə Azərbaycan mətbuatı üzərindən senzura götürüldü. Bu, çox əlamətdar hadisə idi", - o deyib.

MŞ sədri Azərbaycanda senzuranın tətbiq edilməsinin tarixindən də danışıb.

"Sovetlər dönəmində, 1966-cı ildə Nazirlər Kabineti yanında baş idarə yaradılmışdı və bu idarənin məqsədi dövlət sirrinin qorunmasını təmin etmək idi. Bu idarə dövlət sirrinin qorunması adı ilə çox şeylərin mətbuata çıxmasının qarşısını alırdı. Bundan əlavə 1992-ci ildə Azərbaycan Prezidenti vəzifələrini icra edən Yaqub Məmmədov hərbi senzuranın yaranması ilə bağlı fərman imzalamışdı. 1993-cü ilin aprelində sabiq prezident Əbülfəz Elçibəy də belə bir fərman imzalamışdı və fövqəladə vəziyyətlə bağlı bütün informasiyaların üzərinə senzura qoyulurdu. Ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla həm Nazirlər Kabineti yanında 1966-cı ildə yaradılmış baş idarə ləğv edildi, həm də 1992-ci və 1993-cü illərdə senzura tətbiq olunması barədə qəbul olunmuş qərarlar qüvvədən düşdü. Azərbaycan mətbuatı üzərindən senzura götürüldü. Bu da Azərbaycan mətbuat tarixində ilk dəfə baş verən hadisə idi", - Amaşov vurğulayıb.

O, 6 avqust tarixinin Azərbacyan mətbuatı və Azərbaycan cəmiyyəti üçün əlamətdar gün olduğunu qeyd edib və əlavə edib ki, Azərbaycanda senzuranın ləğv olunmasının müəyyən fəsadları da olub.

"Misal üçün reket jurnalistika ilə məşğul olma halları, məlumatların yoxlanılmadan mətbuata verilməsi faktları çoxaldı. İnsanların şərəf və ləyaqətinin təhqir olunması faktları artdı. Bütün bunların fonunda Azərbaycan mətbuatı müstəqil oldu. Azərbaycan mətbuatının özünütənzimləmə mexanizmi meydana gəldi. Bütün dünya mətbuatı bu yolu keçib, ona görə bizim də bu yolu keçməyimiz labüd idi. Senzuranın ləğvindən sonra dövlətin mətbuata heç bir təzyiq mexanizmi qalmadı", - Amaşov bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadi cəhətdən gücləndikcə, Azərbaycan mətbuatı da güclənir və daha da inkişaf edir.

Xəbər lenti

Xəbər lenti