...

Məhkəmə qərarlarını icra etməyən 123 nəfər barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 18 Avqust 2011 15:57 (UTC +04:00)
Məhkəmə qərarlarını icra etməkdən qəsdən boyun qaçıran 123 nəfər barəsində cinayət işi başlanıb.
Məhkəmə qərarlarını icra etməyən 123 nəfər barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Məhkəmə qərarlarını icra etməkdən qəsdən boyun qaçıran 123 nəfər barəsində cinayət işi başlanıb.

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynalov Trend-ə bildirib ki, qanunvericiliyə edilən son dəyişikliklərdən sonra məhkəmə qərarlarını icra etməyən şəxslərə qarşı inzibati cəzalar sərtləşdirilib.

Zeynalovun sözlərinə görə, məhkəmə qərarını icra etməyən fiziki şəxs 500-1000, vəzifəli şəxs 1000-3000, hüquqi şəxs 3000-5000 manatadək məbləğdə cərimələnir. Əvvəl isə cərimələrin məbləği çox aşağı olub. Məhkəmə qərarını icra etməyən fiziki şəxs barəsində 10 gün müddətində inzibati həbs də nəzərdə tutulur.

Nazirlik rəsmisi bildirib ki, bu ilin birinci yarısında Baş İdarə tərəfindən 1149 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəmələrə göndərilib. Onlardan 270-i barəsində inzibati həbs tətbiq olunub. Məhkəmə və digər orqanların qərarlarını qəsdən icra etməyən şəxslər barəsində cinayət məsuliyyəti ilə bağlı tədbirlər görülüb.

"Görülən işlərin nəticəsidir ki, hüquqi və fiiziki şəxslərə ödənilən məbləğ ötən ilin birinci yarısı ilə müqayisədə 1,7 dəfə artıb. Bu ilin 6 ayında fiziki və hüquqi şəxslərə 71 milyon 908 min manatdan çox vəsait ödənilib. Ötən il bu göstərici 31 milyon 426 min manatdan artıq olub", - Zeynalov deyib.

Baş İdarə rəisi icraatda olan işlərin böyük əksəriyyətinin borcun və alimentin ödənilməsi ilə bağlı olduğunu deyib. Bu işlər ümumi icraatda olan işlərin 60 faizini təşkil edir.

Zeynalov sonrakı sıralarda iqtisadi mübahisələr, mənzilə köçürülmə və mənzildən çıxarılma, uşaqla görüş, torpaq mübahisələri ilə bağlı işlərin yer aldığnı bildirib.

Bu il icraatda olan 92 476 icra işinin 80,4 faizi (74 362) icra edilib. 30 199 icra sənədləri üzrə icra tədbirləri davam etdirilir.

"İcraatda olan işlərin sayının artmasına baxmayaraq, qalıq işlərinin sayı da əvvəlki illərlə müqayisədə azalıb. Tək iki il ərzində icraatda olan işlərin sayı 31 faiz artıb. 2009-cu ilin ilk 6 ayında icaatda 65 216, 2010-cu ilin analoji dövründə 77 549 iş olub. İcrası tam başa çatan işlər üzrə göstərici də əvvəlki illərə nisbətən artıb", - Zeynalov vurğulayıb.

Məhkəmə qərarlarının icra olunması sahəsindəki problemlərə gəlincə, idarə rəisi bildirib ki, vətəndaşlar mülk bölgüsündə, mənzilə köçürülmə, mənzildən çıxarılma ilə bağlı məhkəmə qərarları ilə razılaşmırlar və yuxarı instansiya məhkəmlərinə müraciət edirlər. Bununla da proses uzanır.

"Əksər vaxt belə mübahisələrdə vətəndaşlar yuxarı instansiya məhkəmələrinin qərarı ilə də razılaşmırlar və məhkəmə qərarlarının icrasında problemlər yaradırlar. İcra məmurlarına təzyiq göstərənlər, özlərinə xəsarət yetirmək istəyənlər olur. Əksər vaxt vətəndaşların müqaviməti ilə qarşılaşırıq", - Zeynalov deyib.

Xəbər lenti

Xəbər lenti