...

Tikinti hüququ və təhlükəsizlik normalarına cavab verən qanunsuz tikililər qanuniləşdiriləcək

Cəmiyyət Materials 21 Sentyabr 2011 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

İcazəsiz tikililər tikinti hüququ və təhlükəsizlik normalarına cavab verərsə, qanuniləşdirilə bilər.

Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov çərşənbə günü Trend-ə bildirib ki, layihəsi hazırlanan Tikiti və Şəhərsalma Məcəlləsində qanunsuz tikililərlə bağlı keçid müddəalarda bu hal nəzərə alınacaq.

Onun sözlərinə görə, qanunsuz tikililərlə bağlı məsələni həll edərkən həmin tikiliyə icazənin verilib-verilməməsindən asılı olmayaraq, tikinti hüququ normalarına uyğunluğu və təhlükəsizlik baxımdan etibarlı olması mütləq nəzərə alınmalıdır.

Müdir müavini bildirib ki, icazənin məqsədi tikilinin tikinti hüququ və təhlükəsizlik normalarına uyğunluğunu təmin etməkdir.

"Əgər tikili icazəsiz tikilibsə, amma qeyd etdiyim tələblərə cavab verirsə, onları qanuniləşdirmək olar. Bu sahədə Avropa dövlətlərində müəyyən praktika var. Avropa ölkələrinin praktikasında dövlət 1-2 il ərzində icazəsiz tikilmiş obyektlərlə bağlı tədbir görmürsə, onun tikilməsinə göz yumursa, sonradan həmin tikilinin leqallaşdırılması ilə bağlı məsələ ortaya çıxanda tikinti idarələri həmin tikilinin təhlükəsizlik, tikinti hüququ normalarına uyğunluğunu yoxlayır. Uyğun olduğu təqdirdə, həmin tikilinin qanuniliyi ilə bağlı qərar qəbul olunur. Əgər şəxs qanunsuz tikdirdiyi tikilini 10 ildən sonra da leqallaşdırmaq istəsə və tikinti idarəsi yoxlama zamanı müəyyən etsə ki, tikinti zamanı qeyd olunan tələblərə riayət olunmayıb, bu halda həmin obyekt leqallaşdırıla bilməz və mütləq sökülməlidir. Bu halda şəxsə heç bir kompensasiya ödənilməməlidir", - Kərimov deyib.

Şöbə rəsmisi bildirib ki, Məcəllədə fərdi yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatı nəzərdə tutulub. Belə ki, fərdi yaşayış evi tikmək istəyən şəxs evin layihəsini aidiyyəti quruma təqdim edəcək, qurumu məlumatlandıracaq.

"Əgər tikintiyə icazə verən qurumun həmin layihə ilə bağlı heç bir iradı yoxdursa, şəxs tikintiyə başlaya bilər", - Kərimov bildirib.

Məcəllədə fərdi yaşayış evlərinin hündürlüyü ilə bağlı ilkin norma 12 metr müəyyən olunub.

Kərimov bildirib ki, Tikinti və Şəhərsalma Məcəlləsinin tikintiyə aid hissəsi artıq yekunlaşıb və ekspertlərlə razılaşdırılıb. Şəhərsalma ilə bağlı hissənin işlənməsinə başlanılıb.
Məcəllənin layihəsinin bu ili birinci oxunuşa verilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti