...

İranın islami irşad və mədəniyyət naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 29 Sentyabr 2011 18:20 (UTC +04:00)
İranın islami irşad və mədəniyyət naziri Azərbaycana səfər edəcək
İranın islami irşad və mədəniyyət naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni oktyabrın 3-də Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı keçirilən mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami bildirib.

Səfir əlavə edib ki, Hüseyninin səfəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəvəti ilə Azərbaycanda keçiriləcək İran Mədəniyyəti Günləri çərçivəsində baş tutacaq.

Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə oktyabrın 3-dən 7-dək Azərbaycanda İran Mədəniyyəti Günləri keçiriləcək.

Xalça Muzeyində açılışı olacaq tədbirdə bir sıra rəsmi şəxslərin, səfirlərin iştirak edəcəyi gözlənilir.

3 gün Bakıda, 2 gün Gəncədə keçiriləcək Mədəniyyət Günləri çərçivəsində musiqi, kino, əlyazma, teatr, əl işləri, rəssamlıq nümunələri təqdim olunacaq, sərgi, konfranslar və digər tədbirlər keçiriləcək.

Mədəniyyət günləri çərçivəsində Çingiz Mehdipurun rəhbərlik etdiyi aşıqlar qrupu konsert verəcək. Həmçinin, Təbrizin tanınmış xəttatlarından olan Davud Niknamın əl işlərindən ibarət sərgi təşkil olunacaq.


İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bağır Bəhrami cari ilin mayında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdə bu ilin oktyabr ayında Azərbaycanda İran Mədəniyyəti Günlərinin keçirilməsi məsələsini müzakirə etmişdi.

2010-cu ildə İranın Tehran və Təbriz şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçirilib.

Xəbər lenti

Xəbər lenti