...

Arxeoloji qazıntılar türklərin Anadoluda çox qədimdən yaşadığını təsdiqlədi

Cəmiyyət Materials 4 Oktyabr 2011 13:52 (UTC +04:00)
Türkiyənin çeşidli xəbər agentlikləri (Anadolu Ajansı: 29.09.2011) maraqlı bir məlumat yayıblar. Həmin məlumatda deyilir ki, bu yaxınlarda Samsunun Salıpazarı qəsəbəsində türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən arxeoloji tapıntı aşkar edilib.
Arxeoloji qazıntılar türklərin Anadoluda çox qədimdən yaşadığını təsdiqlədi

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Türkiyənin çeşidli xəbər agentlikləri (Anadolu Ajansı: 29.09.2011) maraqlı bir məlumat yayıblar. Həmin məlumatda deyilir ki, bu yaxınlarda Samsunun Salıpazarı qəsəbəsində türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən arxeoloji tapıntı aşkar edilib. Daha doğrusu, həmin qəsəbənin Qayadibi məhəlləsində bir vətəndaşa aid fındıq baxçasında 6 ay öncə qaya məzarlığı tapılıb. Məhz bundan sonra Samsun Arxeologiya Muzeyinin araşdırmaçısı Əminə Yılmazın rəhbərlik etdiyi qrup sözügedən ərazidə arxeoloji qazıntılar aparıb və yosunlarla örtülmüş qayaların üzərində Oğuz boylarından Peçeneklər və Qıpçaqların istifadə etdikləri runik (Göytürklərdə istifadə edilən yazı) əlifbası ilə yazılmış türkcə yazılar və qədim türklərə məxsus işarələr tapılıb.

Bununla bağlı KİV-ə açıqlama verən Əminə Yılmaz runik əlifbasının ilk çağda Orta Asiyada yaşayan türk toplumlarında istifadə edilmiş bir yazı sistemi olduğunu, tamğanın isə günümüzdə damğa mənasını verdiyini və türk boylarının müxtəlif məqsədlərlə yaradıb, istifadə etdikləri simvollar olduğunu söyləyib. Onun sözlərinə görə, aşkar edilən runik yazısı və tamğalar türklərin 1071-ci ildən öncə də Anadoluda yaşadıqlarını sübut edir.

Yeri gəlmişkən, bu xəbərin Azərbaycan üçün xüsusilə mühüm əhəmiyyəti var. Məsələ burasındadır ki, məhz araşdırmaçı-yazar Hikmət Babaoğlu "Akdamardan Sarı gəlinədək erməni yalanı" kitabında türklərin hələ tam qədimlərdən Anadoluda, Qaradəniz sahillərində yaşadıqlarını qeyd edib. Kitabda təkzibedilməz dəlillərə söykənərək bildirilirdi ki, Trabzonda və onun ətrafında hələ VII-IX əsrlərdə, başqa bir ehtimalla hətta e.ə IV-III əsrlərdən başlayaraq qıpçaq dövləti mövcud olmuşdur.

Təxminən Qafqaz Albaniyası ilə bərabər IV əsrin əvvələrində Qaradəniz sahillərində mövcud olmuş Canik (qıpçaq) çarlığında da xristianlıq dövlət dini kimi qəbul edilir. Dədə Qorqud dastanında Albaniyada yaşayan xristian qıpçaqların başçısı qıpçaq Məlik olduğu kimi, Trabzon ətrafında yaşayan xristian qıpçaqların başçısının adı da Canik Məlik olmuşdur. XI əsrdə səlcuqlulara qarşı vuruşan xristian caniklərin başçısı ilə Tadik yaxud yunan mənbələrində göstərildiyi kimi Tadiodis adlı sərkərdə olmuşdur.

Hikmət Babaoğlu kitabında Tadik adlı sərkərdənin Göytürk dövlətində də olduğunu və çinlilərə qarşı savaşdığını qeyd edərək göytürk daş kitabələrində Tadik kimi yazılan xeyli qəhrəmanın adını vermişdir (Aza Tatuk, Gök Amaş Tatuk, Buğak Tatuk və s). Kitabda müəllif eyni zamanda, Kanqlı Qoca oğlu Kanq Turalın gavur elindən gətirdiyi Sarı Donlu Selcan xatunun da Trabzon bölgəsində olan xristian qıpçaqlardan ola biləcəyi ehtimalını irəli sürmüşdü.

Samsunda aşkar edilən Göytürk əlifbası ilə yazılmış bu nadir tapıntılar isə azərbaycanlı araşdırmaçı Hikmət Babaoğlunun yazdıqlarının əyani təsdiq etməklə, göytürklərin, caniklərin və Qafqaz Albaniyasında yaşayan xristian qıpçaqların eyni soydan gəldikləri təsəvvürünü yaradır və müəllifin türk tayfalarının Anadoluda ta qədimdən bəri yaşadıqları ilə bağlı iddiasını təsdiq edir.

Xəbər lenti

Xəbər lenti