Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 5-də onkologiya, pediatriya və dermatovenerologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 154 həkim iştirak edib. Onlardan 6-ı 100 bal toplayaraq ən yüksək nəticəni göstərib. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 98 faizi, yəni 151-i uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları yoluxucu xəstəliklər, hematologiya və stomatologiya ixtisasları üzrə oktyabrın 12-də keçiriləcək.
Azərbaycanda həkimlərin sertifikasiyasına bu ilin yanvarından başlanılıb.
Sertifikasiya iki mərhələli keçirilir. İlk mərhələdə həkimlər imtahan verirlər. I mərhələdən keçən həkimlər isə müsahibədən keçirlər. Müsahibə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılır.
Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçənlər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.