Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Hacıyev/
"İrəli" İctimai Birliyinin təşəbbüsü ilə nəşr olunan "Azərbaycanı tanı" kitabının təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, cümə axşamı keçirilən təqdimat mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, ictimai təşkilatların, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, media mənsubları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı deyib ki, belə bir kitabın yazılması və nəşr olunması Azərbaycanın müstəqilliyinin 20 illiyinə bir hədiyyədir.
O qeyd edib ki, kitab 2,5 il müddətində hazırlanıb.
"Hər birimiz Azərbaycanı daha yaxından tanımalı və tanıtmalıyıq", - Osmanlı vurğulayıb.
Daha sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək belə bir təşəbbüsə görə "İrəli" İctimai Birliyinə təşəkkürünü bildirib. O, "İrəli"nin Azərbaycanda fəaliyyət göstərən ən iri gənclər təşkilatı olduğunu xatırladıb və əlavə edib ki, "İrəli"nin həyata keçirdiyi layihələr ölkəmiz üçün olduqca vacibdir.
"Bu günlərdə Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyini qeyd edirik. Biz gözləyirdik ki, "İrəli" müstəqilliyimizin 20 illiyinə hansı hədiyyə ilə gələcək. Bu kitab müstəqilliyimizin 20 illiyinə həsr olunmuş ən gözəl hədiyyədir", - Rəhimov vurğulayıb.
Onun sözlərinə görə, belə bir formatda kitabın nəşr olunması Azərbaycanın poliqrafiya tarixində də bir ilkdir.
Rəhimov kitabın hazırlanmasında "İrəli" ilə əməkdaşlıq etmiş "Azercell" və "ZQAN Holdinq" şirkətlərinə təşəkkür edib və biznes qurumlarını gələcəkdə də ölkənin gənclər təşkilatları ilə yaxından əməkdaşlıq etməyə çağırıb.
"ZQAN Holdinq"in prezidenti Anar Məmmədov çıxışında "İrəli"nin təşəbbüsündə yaxından iştirak etdiklərinə görə qürur duyduqlarını deyib.
"Azərbaycanı tanımaq və tanıtmaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir", - Məmmədov vurğulayıb.
"Azercell" şirkətinin nümayəndəsi tədbirdə çıxışı zamanı şirkətin hər zaman belə təşəbbüslərə yaxından dəstək verdiyini deyib.
Millət vəkili Elton Məmədov çıxış edib. O qeyd edib ki, belə təşəbbüs Azərbaycanın və azərbaycançılığın inkişafına xidmət edir.