...

"Böyük Ermənistan"ın paytaxtının Əsgəran olmasını təkzib edən xəritələr aşkarlanıb

Cəmiyyət Materials 11 Oktyabr 2011 14:19 (UTC +04:00)
Azərbaycanlı alim ermənilərin böyük Ermənistanın paytaxtının Azərbaycanın Əsgəran rayonunda olması ilə bağlı qaldırdıqları iddianı təkzib edən xəritələr aşkarlayıb.
"Böyük Ermənistan"ın paytaxtının Əsgəran olmasını təkzib edən xəritələr aşkarlanıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanlı alim ermənilərin "böyük Ermənistan"ın paytaxtının Azərbaycanın Əsgəran rayonunda olması ilə bağlı qaldırdıqları iddianı təkzib edən xəritələr aşkarlayıb. Bunu çərşənbə axşamı Trend-ə AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib.

"Ermənilər indiki Tiqranakerti indiki Əsgəranda axtarırlar. Onlar deyirlər ki, guya böyük Ermənistanın paytaxtı Əsgəranda olub. Mən isə bunu təkzib edən xəritə gətirmişəm. O xəritədə Tiqranakert Fərat çayının yaxınlığında olub", - Baxşəliyeva deyib.

İnstitut direktorunun sözlərinə görə, o, indiyədək xarici ölkələrdən Azərbaycanın 87 qədim xəritəsini gətirib.

Onların 80-ə yaxını Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqədə qalib gəlmiş "Xarici ölkələrin arxivlərində Azərbaycanın tarixi coğrafiyasına aid qədim xəritənin ölkəyə gətirilməsi ilə bağlı layihə" çərçivəsində İspaniya və Fransadan gətirilib.

Azərbaycanın qədim xəritələrinin aşkarlanaraq ölkəyə gətirilməsi üçün axtarışlarını davam etdirəcəyini deyən şərqşünas alim bildirib ki, Azərbaycanın bütün toponimləri indiki Ermənistanın ərazisində əks olunub. Alimin tapdığı Osmanlı xəritələrində İrəvan şəhəri Rəvan şəhəri adı ilə qeyd edilib.

Baxşəliyeva bildirib ki, artıq ermənilərin Qafqazda heç vaxt olmadığı və çar Rusiyasının onları bu əraziyə köçürdüyü tam sübut olunub.

"Bu etnos Fərat çayının yuxarı tərəflərində olub. Orada yerləşdiyi zaman böyük İsgəndərin dövrünü əks etdirən xəritələrdə bu, öz əksini tapıb", - tədqiqatçı bildirib.

Baxşəliyeva əlavə edib ki, Şərqdə əsrlər boyu yazılmış əlyazmalar müstəmləkə olan ölkələrdən aparılıb. Azərbaycandan da başqa ölkələrə külli miqdarda qeyri-maddi mədəniyyət nümunələri aparılıb.

Buna görə də Azərbaycan xalqının qeyri-maddi mədəniyyətinə aid yeni nümunələr aşkarlamaq məqsədilə dünyanın ən məşhur kitabxanalarını yenidən nəzərdən keçirmək və Azərbaycan xalqının qeyri-maddi mədəniyyətinə aid əsərlərin heç olmasa surətlərini çıxarıb ölkəyə gətirmək lazımdır. Bunun üçün Misir, Prinston Universitetinin böyük kitabxanası, Bodlian kitabxanası, "British-Museum"ın böyük kitabxanası, "İndian Ofis" kitabxana-arxivinə ekspedisiyalar təşkil edilməlidir.

Xəbər lenti

Xəbər lenti