...

TQDK ali təhsil alanların gender tərkibini açıqlayıb

Cəmiyyət Materials 13 Oktyabr 2011 15:49 (UTC +04:00)
Bu il Lerik və Yardımlı rayonları üzrə ali məktəbə sənəd verənlərin hamısı oğlanlar olub.
TQDK ali təhsil alanların gender tərkibini açıqlayıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Lerik və Yardımlı rayonları üzrə ali məktəbə sənəd verənlərin hamısı oğlanlar olub.

Trend-in məlumatına görə, bunu cümə axşamı "Müstəqil Azərbaycan 20 il: Dövlət, ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Komissiya sədri adıçəkilən rayonlarda qızların ali təhsil almaq üçün müraciət etməməsindən narahatlığını bildirib. Respublikanın şimal bölgəsində isə sənəd verən abituriyentlərin 30 faizini oğlanlar təşkil edib.

Onun sözlərinə görə, respublikanın regionlarında təhsillə bağlı gender problemi fərqlidir və hər bir regionun özünəməxsus problemi var.

TQDK sədri bildirib ki, müstəqilliyin ilk illərində ali təhsil almaq üçün müraciət edənlərin əksəriyyətini oğlanlar təşkil edirdisə, son 10 ildə bu fərq aradan qalxıb. Hazırda həm oğlanlar, həm də qızların ali təhsil almaq səviyyəsi 50 faiz təşkil edir.

Son qəbul imtahanlarında toplanan bal göstəriciləri üzrə oğlan və qızların əldə etdiyi nəticələr barədə məlumat verən Abbaszadə bildirib ki, 0-100 bal toplayanların 45 faizi oğlanlar, 500-600 bal toplayanların qızlar və oğlanların göstəriciləri bərabər, 600-700 bal toplayanların isə əksəriyyəti oğlanlar olub.

Əvvəlki illərlə müqayisədə ödənişli təhsil üzrə ixtisaslara qəbul olunan qızların sayının artdığını deyən Abbaszadə bildirib ki, artıq valideynlər qızlarının ali təhsil alması üçün maliyyə ayırmağa maraqlıdırlar.

Onun sözlərinə görə, bu il ödənişli ixtisaslara qəbul olanların 67, dövlət hesabına ali təhsil almaq üçün qəbul olunanların 32 faizi qız olub.

Bu il magistraturaya sənəd verənlərin 51, qəbul olanların 54 faizi qızlar olub.

Komissiya sədri ixtisaslar və ali məktəblər arasında da gender bölgüsü olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, Dəniz Akademiyasında, Neft Akademiyasında təhsil alanların 90 faizi, Diplomatik Akademiyada təhsil alanların 70 faizi oğlanlardır.

Bakı Dövlət Universitetində təhsil alanların 35, Azərbaycan Dillər Universitetində və Müəllimlər İnstitutunda 80 faizini qızlar təşkil edir.

Xəbər lenti

Xəbər lenti