Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Respublika Baş Dövlət Yol Polisi İdarəsi avtobus sürücülərinə qarşı nəzarətin gücləndirilməsini vacib sayır.
İdarənin şöbə rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, bu gün avtobus sürücülərinin işıqforun qırmızı işığında keçməsi, piyadaların və digər hərəkət iştirakçılarının, sərnişinlərin həyatını təhlükə altında qoyması, yol hərəkəti qaydalarını pozması səbəbindən tıxacların, yersiz sıxlığın yaranması kütləvi hal alıb.
Belə halların baş verməsindən təəssüflənən şöbə rəisi bildirib ki, avtobus sürücüləri arasında inzibati məsuliyyətə cəlb olunanlar, müxtəlif müddətlərə sürücülük hüququ məhdudlaşdırılanlar çoxdur.
Əliyev qeyd edib ki, avtobus sürücüləri tərəfindən qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə Nəqliyyat Nazirliyinin müvafiq qurumları tərəfindən də nəzarət gücləndirilməli və kobud qayda pozuntularına yol verən sürücülər nəqliyyat vasitələrinin idarə edilməsindən kənarlaşdırılmalıdır.
Son vaxtlar avtobus sürücüləri tərəfindən törədilən yol qəzalarının artdığını deyən idarə sözçüsü qeyd edib ki, bu ilin 9 ayında avtobus sürücüləri tərəfindən 86 yol qəzası törədilib və nəticədə 27 nəfər ölüb, 105 nəfər yaralanıb.
O bildirib ki, şəhər daxilində avtobusların sürət həddi saatda 60 km-dən çox ola bilməz.
"Amma, bu o demək deyil ki, sürücü avtobusu bu sürətlə idarə etməlidir. Bu gün şəhər mərkəzində avtobusun bu sürətlə hərəkəti mümkün deyil. Sürücü şəraitə uyğun olaraq sürət həddi seçməlidir", - şöbə rəisi deyib.
Qanunvericiliyə edilmiş son dəyişikliklərdən sonra avtobus sürücülərinə qarşı cəzaların sərtləşdirildiyini deyən Əliyev qeyd edib ki, avtobusu dayanacaqlardan kənarda saxlayan sürücülər 20-40 manat məbləğində cərimə olunur, bu qayda pozuntusu isə 3 balla qiymətləndirilir.
İdarə sözçüsü cəzaların sərtləşdirilməsi ilə belə pozuntuların azalacağını real saymır.
"Bizdə sürücülük, yol mədəniyyəti problemi var. Əhalinin maddi rifahı artdıqca, yol mədəniyyətinin səviyyəsi aşağı düşür. Bu mədəniyyətin yüksəlməsi yol polisindən asılı deyil. Bu prosesdə ictimaiyyət yaxından iştirak etməlidir", - Əliyev deyib.
Onun sözlərinə görə, sürücülük mədəniyyəti aşağı olan sürücülərin işdən çıxarılması tədbiri həyata keçirilərsə, avtobus sürücülərinin 50 faizi işini itirər.
"Amma bizdə avtobus sürücülərinin sayı da elə çox deyil. Əgər normal seçim aparılarsa, 50 faiz avtobus sürücüsü avtomobillərin idarəedilməsindən kənarda qalar. Bu halda sürücü çatışmazlığı yaranacaq. Bu hal nəqliyyat sistemində iflic yaranmasına səbəb olar", - Əliyev deyib.
Şöbə rəisi hesab edir ki, Nəqliyyat Nazirliyində hərəkətin intellektual idarəetmə sistemi fəaliyyətə başlayandan sonra avtobus sürücüləri arasında yersiz ötüşmələr, bir dayanacaqda bir neçə avtobusun toplaşması, marşrutdan kənara çıxma hallarının qarşısı alınacaq.