...

Azərbaycanda QHT-lərlə bağlı yeni qanun layihələri Milli Məclisin yaz sessiyasına təqdim olunacaq

Cəmiyyət Materials 19 Oktyabr 2011 15:31 (UTC +04:00)
Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qanun layihələri Milli Məclisin 2012-ci il yaz sessiyasına təqdim olunacaq.
Azərbaycanda QHT-lərlə bağlı yeni qanun layihələri Milli Məclisin yaz sessiyasına təqdim olunacaq

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qanun layihələri Milli Məclisin 2012-ci il yaz sessiyasına təqdim olunacaq. Bunu Trend-ə çərşənbə günü Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.

"Yeni qanun layihələrinin 2011-ci ilin noyabr ayından ictimai müzakirələrinə başlanılacaq", - Quliyev deyib.

2011-ci il ərzində Azərbaycanda "Peşə birlikləri haqqında", "Korporativ sosial məsuliyyət haqqında", "Sosial sifariş haqqında", "İctimai iştirakçılıq haqqında" dörd yeni qanun layihəsi hazırlanıb.

"Peşə birlikləri haqqında" qanun peşə birliklərinin fəaliyyətini tənzimləyəcək.

"Sosial sifariş haqqında" qanun layihəsi hökumət, özəl sektor, bələdiyyələr tərəfindən QHT-lərə sosial sifarişlərin verilməsini əhatə edəcək. Bu qanuna uyğun olaraq, maliyyə vəsaiti qrant müsabiqəsi yolu ilə deyil, birbaşa sifarişlərlə verilə bilər.

"Korporativ sosial məsuliyyət haqqında" qanun hər hansı bir məsələ ilə bağlı QHT, hökumət və özəl sektoru təmsil edən qurumların effektiv əməkdaşlığını təmin etməyə yönələcək.

"İctimai iştirakçılıq haqqında" qanun isə vətəndaş cəmiyyəti institutlarının ictimai nəzarəti həyata keçirməklə ümummilli proqramların həyata keçirilməsində fəal iştirakını özündə ehtiva edir.

Xəbər lenti

Xəbər lenti