Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda uşaq və qadınların, ailələrin hüquqlarının müdafiəsi, sosial təminatının yaxşılaşdırılması məqsədilə mükəmməl qanunvericilik hazırlanıb. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə "Save the Children" (Uşaqların Xilası) tərəfindən icra edilən "Dayanaqlı Dəyişiklik naminə Birgə Fəaliyyət Layihəsi"nin yekunları ilə bağlı keçirilən tədbirdə deyib.
O, uşaqların sağlam inkişafı, təhsili, qadınların cəmiyyətdə fəallığına nail olunması istiqamətində Azərbaycanda vacib işlərin görüldüyünü bildirib.
"Dövlətin siyasətində ailə, qadın və uşaqlara yönəlik müxtəlif proqramlar və layihələr həyata keçirilir. Dünya təcrübəsinə əsaslanan xidmətlərin Azərbaycana gətirilməsi, bu işin gücləndirilməsi dövlət siyasətinin vacib hissəsidir", - Sofiyeva deyib.
O bildirib ki, uşaq müəssisələrinin ləğvi, uşaqların ailələrə qaytarılması üçün alternativ xidmətlərin böyük əhəmiyyəti var.
"Bu gün fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərindən 11-i Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdindədir. 2007-ci ildə 2 mərkəz, ötən il 9 mərkəz komitəyə verilib. Həssas qrupdan olan, risk qrupuna daxil olan ailələrə müdaxilə qəbul olunmur. Bu mərkəzlərin vasitəsilə imkan yaratmışıq ki, belə ailələrə nüfuz edək. Sosial işçilər, psixoloqlar və digər mütəxəssislər vasitəsilə belə ailələrlə sıx işləmək imkanımız yaranıb", - komitə sədrinin müavini deyib. Onun sözlərinə görə, onların inkişafı üçün bu mərkəzlər tərəfindən müəyyən tədbirlər hazırlanır və həyata keçirilir.
Sofiyeva qeyd edib ki, komitənin nəzdində olan 2 Uşaq və Ailələrə Dəstək mərkəzinə son 3 il ərzində 4 min müraciət daxil olub, ailələrlə 700-ə yaxın görüş keçirilib, 267 keys açılıb. Son 9 ayda isə Dəstək mərkəzlərinə 202 ailə ilə bağlı müxəlif keyslər açılıb. "Risk qrupuna daxil olan ailələrə müxtəlif istiqamətlərdə (psixoloji, ailələrin müəyyən xidmətlərə yönəldilməsi, müxtəlif istiqamətdə kurslara cəlb olunması, tibbi və s.) xidmətlər göstərilib. Xüsusi risk qrupuna daxil olan ailələrin və uşaqların cəmiyyətə inteqrasiyası üçün imkanlar yaradılıb. Bu mərkəzlərin fəaliyyətini daha da genişləndirmək istəyirik. Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Fondu ilə birgə keçirilən layihə çərçivəsində daha 3 mərkəz yaxınlarda fəaliyyətə başlayıb. Bu mərkəzləri imkan daxilində hər bir rayonda yaratmaq istəyirik", - o əlavə edib.
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza çıxış edərək layihənin icrasına dəstəyə görə Azərbaycan hökumətinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Təhsil Naziliyinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Tədbirdə qeyd olunub ki, 2004-cü ildən fəaliyyət göstərən layihə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Azərbaycan üçün Birgə Yardım (UAFA) təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib. Azərbaycan üzrə 12 rayonda Uşaq və Ailələrə Dəstək mərkəzlərinin yaradılması ilə birbaşa və dolayı olmaqla, xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım göstərilib. Layihənin məqsədlərindən biri də Azərbaycan hökumətinə texniki yardım göstərmək və hökumət nəzdində fəaliyyət göstərən qayğı müəssisəsinin müstəqil şəkildə, icma əsaslı alternativ qayğı metodlarını tətbiq etməklə yüksək keyfiyyətli xidmət göstərmələrinə töhfə verməkdir. Layihə Azərbaycanda 30 min uşaq və 8 min ailənin həyatının yaxşılaşdırılmasına kömək edib.