...

Azərbaycanda rəsmi nikah bağlanmadan kəbin kəsən dindarların cinayət məsuliyyətinə cəlbi təklif edilir

Cəmiyyət Materials 31 Oktyabr 2011 15:03 (UTC +04:00)
Rəsmi nikah şəhadətnaməsi olmadan kəbin kəsən ruhanilərin cinayət məsuliyyətinə cəlb olunması təklif edilir.
Azərbaycanda rəsmi nikah bağlanmadan kəbin kəsən dindarların cinayət məsuliyyətinə cəlbi təklif edilir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda rəsmi nikah şəhadətnaməsi olmadan kəbin kəsən dindarlar cinayət məsuliyyətinə cəlb olunması təklif edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova bazar ertəsi Trend-ə bildirib ki, respublikanın bəzi regionlarında ruhanilər rəsmi nikah şəhadətnaməsi olmadan kəbin kəsirlər.

Şöbə müdirinin sözlərinə görə, bu hal xüsusilə erkən nikahlar zamanı qeydə alınır.

Komitə erkən nikahların və bundan yaranan problemlərin qarşısını almaq məqsədilə rəsmi nikah şəhadətnaməsi olmadan kəbin kəsən ruhanilərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi təklifi ilə çıxış edib.

Türkiyədə belə ruhanilərin cinayət məsuliyyətinə cəlb edildiyini deyən İbrahimova bu təcrübənin Azərbaycanda da tətbiqini zəruri sayır.

"Kəbin şəhadətnaməsində rəsmi nikah şəhadətnaməsinin nömrəsi və seriyasının qeyd olunması üçün xüsusi hissə var. Erkən nikahlar zamanı din xadimləri bu hissədə qeyd aparmadan kəbin kəsirlər. Buna isə qanun icazə vermir. Komitə bu problemin həlli istiqamətində ciddi tədbirlərin görülməsinə çalışır və belə din xadimlərinin cinayət məsuliyyətinə cəlb edilməsini təklif edib", - o deyib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəisi Rəhimə Dadaşova isə Trend-ə bildirib ki, kəbin axundlar tərəfindən kəsilməlidir.

Kəbin kəsilməsi ilə bağlı QMİ tərəfindən fətva qəbul olunduğunu diqqətə çatdıran Dadaşovanın sözlərinə görə, fətvada rəsmi nikah şəhadətnaməsi göstərilmədən axundlara kəbin kəsilməsi qadağan olunub.

"İdarənin tabeliyində olan və vəsiqə daşıyan din xadimləri tərəfindən belə hallar qeydə alınarsa, onlara cəzalandırılacağı və işdən azad olunacağı barədə xəbərdarlıq edilib. Biz öz mollalarımızın fəaliyyətini tənzimləyə bilirik. İdarəyə belə məlumatlar daxil olarsa, araşdırılır və müvafiq tədbirlər görülür. Mollalarımız mütəmadi atesstasiyadan keçirilir, nəzarət-təftiş şöbəsi yerlərdə onların fəaliyyətini mütəmadi yoxlayır", - idarə sözçüsü vurğulayıb.

Dadaşova deyib ki, kəbin kəsmək səlahiyyəti olan din xadimlərinə xüsusi kəbin şəhadətnamələri verilir. Onun sözlərinə görə, bəzi hallarda - nikah toy günü bağlanan halda nikaha girən tərəflərin ərizələri axunda təqdim edilmək şərti ilə kəbin kəsilir.

"Rəsmi nikah toy günü qeydə alınan hallarda axundlara tərəflərin nikaha girmək barədə ərizələri, toy dəvətnamələri təqdim edilməklə və məsuliyyət nikaha girən şəxslərin ən yaxın qohumunun üzərinə qoyulmaqla kəbin kəsilir", - o deyib.

QMİ sözçüsü bildirib ki, dindən səthi məlumatlı olanlar özlərini molla kimi təqdim edərək saxta kəbinlər kəsirlər.

"Bu kəbinlər İdarə tərəfindən təsdiq olunmuş kəbin şəhadətnamələrində deyil, adi kağızlarda yazılır və bu mollaların fəaliyyətinə idarə məsuliyyət daşımır", - Dadaşova deyib.

Xəbər lenti

Xəbər lenti