...

Baş Prokurorluğun internet saytı şəffaflıq göstəricisinə görə birinci oldu

Cəmiyyət Materials 26 Dekabr 2011 16:02 (UTC +04:00)
Baş Prokurorluğun internet saytı şəffaflıq göstəricisinə görə 67 dövlət qurumu arasında birinci olub.
Baş Prokurorluğun internet saytı şəffaflıq göstəricisinə görə birinci oldu

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluğun internet saytı şəffaflıq göstəricisinə görə 67 dövlət qurumu arasında birinci olub. Trend-in məlumatına görə, bu barədə Media Hüquq İnstitutunun bazar ertəsi ictimaiyyətə açıqladığı" Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı"nda bildirilir.

Dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələrinə görə 49.46% şəffaflıq faizi ilə birinci yerdə Respublika Baş Prokurorluğunun internet saytı (www.genprosecutor.gov.az) qərarlaşıb.

46.15 faizlə Vergilər Nazirliyi (www.taxes.gov.az) 2-ci, 42.29 faizlə Hesablama Palatası (www.ach.gov.az) 3-cü, 42.15 faizlə Dövlət Neft Fondu (www.oilfund.az) 4-cü, 39.36 faizlə
Mərkəzi Bank (www.cbar.az) 5-ci yerə layiq görülüb.

Sonuncu, 67-ci yerdə isə və 3.84 faiz şəffaflıq göstəricisi ilə Bakı Metropoliteni İdarəsinin internet saytı (www.metro.gov.az) qərarlaşıb.

Media Hüquq İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, bu hesabat "İnformasiya əldə etmək haqqında" qanunla məlumat sahibi sayılan qurumların internet resurslarının monitorinqini əhatə edir.

Monitorinqin məqsədi dövlət qurumlarının internet vasitəsilə bilgilər yaymaq vəzifəsini necə icra etməsinin gerçək durumunu öyrənmək, problemləri müəyyənləşdirib hökumətin informasiya azadlığı istiqamətində səylərinə yardım edə biləcək tövsiyələr hazırlamaq və medianı, vətəndaşları məlumat əldə etmək hüquqlarından davamlı yararlanmağa həvəsləndirməkdir.

Hacılı bildirib ki, bir sıra dövlət qurumlarının rəsmi saytında yalnız açılış səhifəsi olduğu halda, Müdafiə Nazirliyinin isə ümumiyyətlə saytı yoxdur.

İnstitutun rəhbəri qeyd edib ki, monitorinqdə fərqlənən qurumlara "Şəffaf açar" və "Paslı qıfıl" mükafatlarının verilməsi nəzərdə tutulsa da, həmin mükafatları bu il hazırlamaq mümkün olmayıb. Hacılı bildirib ki, qaliblər bu il diplomlarla mükafatlandırılacaq.

Tədbirin sonunda qaliblərə diplomlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti