...

Mətbuat Şurası 3 nəşrlə bağlı müraciətlərə baxıb

Cəmiyyət Materials 28 Dekabr 2011 17:39 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyası 3 mətbu nəşrlə bağlı müraciətlərə baxıb.
Mətbuat Şurası 3 nəşrlə bağlı müraciətlərə baxıb

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyası 3 mətbu nəşrlə bağlı müraciətlərə baxıb.

Şuradan çərşənbə günü Trend-ə verilən məlumata görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri əvvəlcə "Kred Aqro" Bank Olmayan Kredit Təşkilatının "Yeni xəbər"qəzeti ilə bağlı şikayətini araşdırıblar.

Məlumatda qeyd olunur ki, qəzetin baş redaktoru İlqar Salmanov narazılıq doğuran materialda oxucunun mövqeyinin ifadə olunduğunu əsas gətirərək oradakılara redaksiyanın məsuliyyət daşımadığını deyib. Lakin onun nəzərinə çatdırılıb ki, kütləvi informasiya vasitələri haqqında ölkə qanunvericiliyində buna görə müvafiq cavabdehlik əks olunub.

Komissiya rəyə gəlib ki, "Kred Aqro" BOKT-un "Yeni xəbər" qəzeti ilə bağlı şikayətində əksini tapan məqamlar haqlıdır. Nəşr narazılıq doğuran materialda qurumun işgüzar nüfuzuna zərbə vurub. Buna görə də ona təkzib, yaxud qarşı tərəfin mövqeyini əks etdirən məktubun dərci, eyni zamanda, qarşı tərəfdən üzr istənilməsi tövsiyə olunub.

İclasdakı ikinci məsələnin müzakirəsi zamanı komissiya "Azadlıq" qəzetinin Bakı Şəhər Baş Polis İdarəsinin bu mətbu nəşrdən şikayət doğuran yazı ilə əlaqədar tutduğu mövqeni məqbul hesab edib. "Azadlığ"ın nümayəndəsi Seymur Həziyev həmin yazıda ümumilikdə Azərbaycan polisini hədəfə götürən fikirlərin nəşrin ümumi mövqeyi, missiyası və dəst-xətti ilə uyğunluq təşkil etmədiyini vurğulayıb və qəzetin təkzib verməyə hazır olduğunu deyib. Təklif qarşı tərəfi də qane etdiyindən məsələ həllini tapmış sayılıb.

Bakı şəhər sakini Nazim Məmmədovun "Səs" qəzeti ilə bağlı müraciəti müzakirə edilərkən komissiya üzvləri belə qənaətə gəliblər ki, şikayətə səbəb olan materialda balans prinsipinin tələbləri gözlənilməyib, orada alçaldıcı ifadələr və ittiham xarakterli fikirlər yer alıb. Qəzetin qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsi üçün məktubun dərcinə hazır olması məsələnin həllində məqbul variant hesab edilib.

Xəbər lenti

Xəbər lenti