Azərbaycan, Bakı, 6 yanvar / Trend müxbir İ.İsabalayeva/
2011-cu il ərzində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və etiketlənməsi, habelə keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif ərzaq malları (ət və ət məhsulları, şəkər, bal və qənnadı məhsulları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər və s.) satışdan çıxarılaraq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, bu dövrdə saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, etiketlənməsi normativ sənədlərin tələblərinə cavab verməyən 1 ton qeyri-ərzaq malları (yuyucu və təmizləyicilər, kosmetik vasitələr və s.) satışdan çıxarılaraq məhv edilib.
Ötən il ərzində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə baxılmış işlər üzrə 95 qərar qəbul edilib. Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə ümumilikdə 306,8 min manat maliyyə sanksiyası tətbiq edilib.
Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində 1485 qərar qəbul edilib və ümumilikdə 1287,8 min manat məbləğində cərimə tətbiq edilib.