...

Azərbaycanda bəzi ali məktəblərin nəzdində orta məktəblər yaradılacaq

Cəmiyyət Materials 10 Yanvar 2012 15:21 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkədəki bır sıra ali məktəblərin nəzdində orta məktəblər yaratmağı nəzərdə tutur.
Azərbaycanda bəzi ali məktəblərin nəzdində orta məktəblər yaradılacaq

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ölkədəki bır sıra ali məktəblərin nəzdində orta məktəblər yaratmağı nəzərdə tutur. Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çərşənbə axşamı Trend-ə bildirib ki, artıq bununla bağlı təcrübə var. Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan İnşaat və Memarlıq Universitetinin nəzdində ümumtəhsil müəssisələri yaradılıb.

"İndi isə çalışırıq ki, Dövlət İqtisad Universiteti, yaxud Azərbaycan Dillər Universiteti və başqa ali məktəblərin nəzdində belə məktəblər yaradılsın. Bu istiqamətdə təşkilati işlər görüləcək", - nazirlik rəsmisi qeyd edib.

Onun sözlərinə görə, nazirlik regionlardakı ali məktəblərin nəzdində də orta məktəblərin yaradılması məsələsinə baxmağı nəzərdə tutur. Bu məqsədlə nazirlik həmin ali məktəblərin rəhbərliyi ilə iş aparacaq.

Əhmədovun sözlərinə görə, ali məktəblərin nəzdində yaradılacaq orta məktəblərin həmin ali təhsil müəssisələrinin fəaliyyət istiqamətlərinə uyğun olmasına çalışılır.

Nazirlik rəsmisi belə hesab edir ki, ali və orta məktəbin istiqamətləri ayrı olsa, onda bunun təşkilinin mənası olmayacaq. Çünki orta məktəb ali məktəb üçün müəyyən bir baza kimi nəzərdə tutulur.

Əhmədov ölkədəki bütün ali məktəblərin nəzdində orta məktəblərin yaradılmasını vacib hesab etməyib.

Şöbə müdirinin sözlərinə görə, bununla yanaşı, ölkədə yeni tipli təhsil müəssisələri də yaradılır. Artıq hər hansı ümumtəhsil müəssisənin bazasında müəyyən sinifdən başlayaraq lisey və ya gimnaziya yaradılır.

Əhmədov deyib ki, ötən il 10-a yaxın belə təhsil müəssisəsi, 40 məktəbdə lisey-siniflər yaradılıb. Bu iş hazırda da davam edir.

"Bu il də bizim xüsusi qrafikimiz olacaq. Yerlərdən məlumatlar toplayacağıq. 2012-2013-cü illərdə maddi baza və kadr potensialı imkan verən təhsil müəssisələrində, regionlar üzrə bu işləri davam etdirəcəyik", - Əhmədov qeyd edib.

Onun sözlərinə görə, yaxın iki il ərzində ölkə üzrə nə qədər yeni tipli təhsil müəssisəsinin yaradılacağı hələ müəyyənləşdirilməyib.

"Çünki regionlar, təhsil şöbələri ilə bağlı hələ araşdırmalar aparacağıq. Bunun əsasında qrafik tərtib edəcəyik. Bu iş birdən-birə aparıla bilməz. Bunun üçün əvvəlcə hazırlıq işləri görülməli, müəssisə seçilməli, o müəssisənin təmayülü müəyyənləşdirilməli, uşaqların təxmini seçim məsələsi həll olunmalı, kadr potensialına baxılmalıdır. Bundan sonra isə qərar veriləcək", - Əhmədov qeyd edib.

O bildirib ki, ölkədəki bütün orta məktəblərin nəzdində yeni tipli xüsusi təhsil müəssisələri yaratmaq olmaz.

Əhmədovun fikrincə, yeni tipli təhsil müəssisələrini rayonlarda bir necə məktəbdə yaratmaq olar. Həmin müəssisələr də istedadlı uşaqların təhsil alması üçün baza rolunu oynayır.

Xəbər lenti

Xəbər lenti