Azərbaycan, Bakı, 25 yanvar / Trend müxbir M.Əliyev/
"Eurovision" Təşkilat komitəsi Azərbaycanda bu mahnı müsabiqəsinin yüksək səviyyədə keçiriləcəyinə əmin oldu. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
"Azərbaycanda müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün hər bir şərait var", - o deyib.
Nazir deyib ki, "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi yer də artıq müəyyənləşib və bu "Cristal Palace" olacaq.
"Bu tədbirin keçirilməsi Azərbaycanın ümumi imicinə müsbət təsir göstərəcək. Azərbaycana gələcək çoxsaylı qonaqlar ölkədə gedən prosesləri əyani olaraq görəcəklər, iştirakçısı olacaqlar", - Qarayev vurğulayıb.
Nazir Azərbaycan tərəfindən müəyyənləşəcək iştirakçıların müsabiqədə qabaqcıl yerlərdən birini tutacağına ümidvar olduğunu bildirib.