...

Azərbaycanda yolları təmizləmək üçün mindən artıq texnika cəlb olunub

Cəmiyyət Materials 28 Yanvar 2012 10:12 (UTC +04:00)
Nəqliyat nazirliyinin yolların tikinti və istifadəsi üzrə “Azəryolservis” QSC 24 saat gücləndirilmiş iş rejimi ilə işləyir
Azərbaycanda yolları təmizləmək üçün mindən artıq texnika cəlb olunub

Azərbaycan, Bakı, 28 yanvar / Trend müxbir S.Əliyev/

Nəqliyat Nazirliyinin yolların tikinti və istifadəsi üzrə "Azəryolservis" QSC 24 saat gücləndirilmiş iş rejimi ilə işləyir. Bu barədə şənbə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov bildirib.

Onun sözlərinə görə, bütün texnika və əməkdaşlar səfərbər olunub və yollarda olan vəziyyətlə bağlı bütün məlumat vahid mərkəzə toplanır və orada yerinə yetiriləcək işlərlə bağlı qərar qəbul olunur.

Mürsəlov qeyd edib ki, ölkənin regionlarında yolların təmizlənməsi üçün 700 texnika cəlb olunub, Bakıda çalışan texnikanın sayı isə 350-dir. Hazırda QSC regionlarda 1800 ton, Bakıda isə 1000 ton duz ehtiyyatına malikdir. Qum ehtiyatı regionlarda 25 min kubmetr, Bakıda 415 min kubmetr təşkil edir.

Mürsəlov deyib ki, "Azəryolservis" əməkdaşları bütün gecə yolları təmizləyirdilər və hazırda bu iş davam etdirilir. Bakıda bu günə qarlı hava şəraitinə görə bağlı yol yoxdur.

Xatırladaq ki, hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.

Bunu öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.

Hazırda Bakıda qarlı və şaxtalı hava şəraiti hökm sürür.

Xəbər lenti

Xəbər lenti