Azərbaycan, Bakı, 7 fevral / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanda küçə uşaqları problemi ilə bağlı araşdırma aparılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq şöbəsinin müdiri Sənubər Əlizadə Trend-ə bildirib ki, araşdırma YUNİSEF ilə birgə aparılıb.
Araşdırmaya Bakı, Gəncə və Yevlaxda yaşayan küçə uşaqları və bu sahədə fəaliyyət göstərən aidiyyəti dövlət qurumları cəlb olunub.
Əlizadə bildirib ki, küçə uşaqları daha çox adıçəkilən şəhərlərdə cəmləşib.
Araşdırmanın aparılmasında əsas məqsəd küçə uşaqları probleminin səbəblərini müəyyənləşdirmək olub.
Şöbə müdirinin sözlərinə görə, araşdırma zamanı küçə uşaqlarının nə ilə məşğul olduqları, vaxtlarının hansı hissəsini küçədə keçirdikləri müəyyənləşdirilib. Belə uşaqlar arasında küçədə işləyib evdə yaşayan və tamamilə küçədə yaşayan uşaqlara rast gəlinir.
Əlizadə bildirib ki, problemin əsas səbəbi uşaqların baxımsızlığıdır. Küçə uşaqları probleminin yaranma səbəbləri sırasında uşaqların ailə daxilində zorakılığa məruz qalması, onların psixoloji durumundakı problemlər də yer tutur.
"Elə hallar var ki, valideynlər özləri uşaqlarını belə həyat tərzinə məcbur edir. Övladlarının belə həyat tərzi keçirməsini istəməyən valideynlər də var, amma uşaqlarını küçədən yığa bilmirlər. Küçə uşaqları arasında ailədən qovulanlar, valideynləri olmayan uşaqlar da var", - Komitə rəsmisi deyib.
Onun sözlərinə görə, araşdırmanın nəticələri əsasında Komitə bir sıra tövsiyə və təkliflər hazırlayıb. Komitə problemdən çıxış yolunu belə uşaqlar üçün mərkəzlərin yaradılması, valideyn məsuliyyətinin artırılması, cəmiyyətin problemin həllinə cəlb edilməsi, yerli polis inspektorlarının bu sahədə fəaliyyətinin gücləndirilməsində görür.
"Küçə uşaqlarının hər birinin vəziyyəti bu mərkəzlərdə fərdi şəkildə araşdırılmalı, səbəblər müəyyən olunmalıdır. Belə uşaqların probleminə kompleks yanaşma tələb olunur. Bir qurumu və ya hansısa mütəxəssisi cəlb etməklə uşağın problemini həll etmək mümkün deyil. Polisə ancaq cinayət törədən uşaqlar gətirilir. Qanunvericilik küçədən uşağı götürüb harasa yerləşdirməyə icazə vermir. Bunun üçün müvafiq qanunverici bazanın yaradılması lazımdır. Belə mərkəzlərdə uşaqların tam reablitasiya olunması, cəmiyyətə, ailəyə, normal həyat tərzinə qayıtması üçün konkret plan hazırlanmalıdır", - o deyib.
Şöbə müdiri bildirib ki, valideyn məsuliyyəti qanunvericilikdə müəyyən edilib, amma valideynlərin əksəriyyəti qanunla onların üzərinə qoyulan vəzifələrdən və məsuliyyətdən xəbərdar deyil.
Komitə rəsmisi valideynlərin bu sahədə maarifləndirilməsini vacib sayır.
Əlizadə deyib ki, araşdırmanın nəticələri əsasında bu problemi həll etmək məqsədilə müvafiq plan hazırlanacaq.
"Bu planın hazırlanmasına bu sahədə fəaliyyət göstərən müvafiq qurumlar, vətəndaş cəmiyyəti nümayəndələri cəlb olunacaq. Müvafiq qurumlarla məsləhətləşmələr, görüşlər keçiririk, onların da təkliflərini toplayırıq. Yekunda problemin həlli məqsədilə təkliflər paketi hazırlanacaq və qanunverici orqana təqdim olunacaq", - o deyib.
Qeyd edək ki, polis idarələri tərəfindən qeydiyyata alınan 500-ə yaxın küçə uşağı var.
Azərbaycanda küçə uşaqları ilə bağlı təhqiqat aparılıb
Azərbaycanda küçə uşaqları problemi ilə bağlı araşdırma aparılıb.