Azərbaycan, Bakı, 1 mart / Trend müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi hökumətə Azərbaycanda valideynlərini itirmiş və yaşayış yeri olmayan, atılmış, imtina edilmiş, azmış uşaqlar, həmçinin böhran vəziyyətində olan və ailəsində etinasız münasibət bəslənən uşaqlar üçün sığınacaqların yaradılmasını təklif edib.
Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva cümə axşamı Trend-ə deyib ki, bu məqsədlə "Uşaqlar üçün ailə əsaslı müvəqqəti sığınacağın Nümunəvi Əsasnaməsi" hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramına (2006-2015-ci illər)" uyğun olaraq hazırlanan əsasnamədə uşağın sığınacağa qəbul edilməsi, oradan buraxılış qaydaları, uşağın sığınacaqda yaşadığı müddət ərzində hüquq və vəzifələri, Fərdi Qayğı və İnkişaf Planının tərtib olunması qaydaları, sığınacağın strukturu və orada fəaliyyətin təşkili və s. məsələlər əks olunub. Sığınacağın fəaliyyətinin əsas istiqamətləri risk qrupuna daxil olan uşaqların ən optimal daimi yerləşdirmə forması müəyyən edilənədək müvəqqəti yaşayış yeri ilə təmin edilməsi, böhran vəziyyətinin aradan qaldırılmasında uşaqların ailələrinə (hüquqi təmsilçilərinə) kömək etmək və uşaqların yenidən ailələrinə qaytarılmasına yardım göstərməkdir.
Hacıyevanın sözlərinə görə, valideynlərini itirmiş, yaşayış yeri olmayan, atılmış, imtina edilmiş, azmış, həmçinin böhran vəziyyətində olan və ya uşağa etinasız münasibət bəsləyən ailələrdən uşağın dərhal müdaxilə edilərək alınması zamanı həmin uşaqların təxirə salınmadan yerləşdirilməsi üçün 24 saat ərzində xidmət göstərən sığınacaqlar yoxdur.
Hazırda dövlət uşaq müəssisələrinə uşaqlar rayon, şəhər icra hakimiyyətlərinin başçılarının qərarı əsasında və yalnız direktor işdə olan zaman qəbul olunurlar.
"Əgər polis gecə vaxtı küçədən hər hansı uşağı tapırsa, onu müəssisəyə yerləşdirə bilmirik. Çünki artıq iş vaxtı qurtarıb, orda həkim, direktor və o uşağı qəbul edəcək adam yoxdur. Buna görə də o uşaq gecədən səhərə qədər polis idarəsində qalmağa məcburdur", - Hacıyeva deyib.
O əlavə edib ki, hazırda uşağı dövlət müəssisəsinə yerləşdirmək üçün mütləq icra hakimiyyətinin sərəncamı olmalıdır. Bu sərəncam olmadıqda direktor uşağı müəssisəyə qeyri-qanuni yerləşdirmiş hesab edilir. Uşağın müəssisəyə qəbulunun sənədləşdirilməsinə isə əlavə vaxt sərf edilir. Həmin vaxt ərzində uşağın dərhal yerləşdirilməsi ilə bağlı məsələni tənzimləmək üçün əsasnamənin təsdiqlənməsi zəruridir.
"Belə çıxır ki, bu sənədləri toplanana qədər yetim, valideyn himayəsindən məhrum olmuş, atılmış, küçədən tapılmış uşaq bir necə gün polis idarəsində qalmalıdır. Çünki ölkədə müvəqqəti sığınacaq xidməti yoxdur", - idarə rəisi deyib.
Belə sığınacaqların dünyanın hər yerində olduğunu xatırladan Hacıyevanın sözlərinə görə, küçədən tapılan uşaq müəssisəyə yerləşdirilməmişdən əvvəl tibbi müayinədən keçməlidir. Çünki belə uşaqların müəyyən yoluxucu xəstəliyi ola və həmin xəstəliyi müəssisədəki uşaqlar arasında yaya bilər.
"Müəssisənin də həmin uşağı müayinə edənə qədər haradasa müvəqqəti yerləşdirmək imkanı yoxdur. Biz bunları nəzərə alaraq, təklif etmişik ki, küçədən tapılmış və ya dərhal yerləşdirilməsi tələb olunan uşaqlar üçün müvəqqəti sığınacaqlar olsun, onlar oraya yerləşdirilsinlər. Bundan sonra isə onların sənədlərinin toplanılması işi ilə məşğul olunsun", - nazirlik rəsmisi qeyd edib.