...

"YARAT!" təşkilatı Bakıda tanınmış rəssam Altay Sadıqzadənin sərgisini açıb

Cəmiyyət Materials 9 Mart 2012 19:48 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə Bakıda Dənizkənarı Milli Parkda, "Muzey mərkəzi"nin qarşısında tanınmış rəssam Altay Sadıqzadənin sərgisi açılıb.
"YARAT!" təşkilatı Bakıda tanınmış rəssam Altay Sadıqzadənin sərgisini açıb

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə Bakıda Dənizkənarı Milli Parkda, "Muzey mərkəzi"nin qarşısında tanınmış rəssam Altay Sadıqzadənin sərgisi açılıb. Sərgi "012 Bakı Public Art Festival" çərçivəsində təşkil edilib.

"Bu, "012 Baku Public Art Festival" çərçivəsində təqdim olunan ilk işdir. Hamını "012 Baku Public Art Festival" çərçivəsində təşkil edilən sərgimizə dəvət edirəm. Martın 9-dan başlayaraq layihə 21 həftə müddətində davam edəcək. Layihə çərçivəsində hər cümə günü iştirakçı rəssamlardan biri müəllifə öz əsərlərini yaratmağa ilham verdiyi yerlərdə təqdim edəcək", - "YARAT!" təşkilatının təsisçisi Aida Mahmudova deyib.

Altay Sadıqzadə bakılılara və şəhərin qonaqlarına səliqəsiz şəkildə cırılmış... kağızı xatırladan mücərrəd heykəltəraşlıq nümunəsi olan "Xəzri" orijinal kompozisiyasını təqdim edib. Elə təsəvvür yaranır ki, bu kütlə kiminsə əli və ya hər hansı digər əşya, mexanizm ilə deyil, tərtib edilməsi çətin olan hansısa əşya vasitəsilə cırılıb. Doğrudan da biz əsərin adına müraciət etsək, öyrənərik ki, bu, "Xəzri"dir - bir çox əşyalarda izini qoyan və insanlara təsir edən Abşeronda və Bakıda əsən soyuq və tozlu şimal küləyinin adıdır. Və burada bu mənada mövcud obyekt sadəcə daha bir mövzusuz heykəltəraşlıq nümunəsi kimi deyil, həmin küləyin özünəməxsus rəmzi kimi görünür. Axı, bu əsərin dinamik, əsəbi surətdə pırpızlaşdırılmış forması bilavasitə küləyin, hava burulğanının bu formaya təsirinin nəticəsidir. Heykəlin formaları sanki hava axınlarının hərəkətini əks etdirir və özləri də küləyin dəyişən konfiqurasiyasının dinamik və vizual əkslərinə çevrilir. Beləliklə, rəssam həddindən artıq çətin məsələni həll etməyi bacardı - heykəltəraşlıq kimi ağır incəsənət növü formatında külək kimi yüngül və görünməz substansiyanı əks etdirdi. Bakı və Abşeronun həmişə küləklərlə assosiasiya edildiyini nəzərə alsaq - "Bakı" adının izahlarından biri "küləklər şəhəri"dir - bu əsər şəhər məkanı üçün kifayət qədər aktual və doğma görünür.

Sərgi Dənizkənarı Milli Parkda, "Muzey mərkəzi"nin qarşısında altı ay ərzində fəaliyyət göstərəcək.

Sərgidə Azərbaycanın mədəniyyət və turizm nazir Əbülfəs Qarayev və Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva iştirak ediblər.

Bakını onun küləklərindən ayrı təsəvvür etmək mümkün deyil. Şəhərin öz adı "Badi Kubə"nin mənası "Küləklər şəhəri" kimi izah olunur. Bakının ən çox əsən küləkləri xəzri və gilavardır. Şimal küləyi olan xəzri qızmar yay mövsümündə sərinlik gətirir. Onun gücü 35-40 metr/saniyəyə çatır. Gilavar isə sərt qış şaxtasını yumşaldan isti cənub küləyidir. Arxiv xronikasının nadir kadrlarında tamamilə inanılmaz səhnələr həkk olunub: XX əsrin əvvəllərində, o zaman hələ az yaşıllaşdırılmış Bakıda şimal küləyinin şiddətlə əsməsi açıq məkanda olan insanları sanki yerə yıxırdı, cənub küləkləri isə şəhərdə elə toz qaldırırdı ki, gözə sıx taxılan eynəklər yaşından, mənşəyindən və sosial statusundan asılı olmayaraq şəhər sakinlərinin xarici göürünüşünün qaçılmaz ünsürünə çevrilirdi.

"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirirlər və onları qədim şəhərin ictimai yerlərində sərgiləyəcəklər. Öz əsərlərini açıq şəkildə təqdim edən rəssamlar qalereyaların və muzeylərin yaratdığı məkan məhdudiyyətdən azad olmaqla özləri üçün yaradıcılıq sərbəstliyini təmin edir və geniş auditoriyanın diqqətini cəlb edəcəklər.

Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunub: Altay Sadıqzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar.

Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq, tamaşaçıya sanki bu, rəssamın fərdi sərgisidir kimi hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.

"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanma mərasimində göstəriləcək.

2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

"YARAT!"-ın ilk sərgisi 2011-ci ilin oktyabrında "Ön Söz" adı ilə keçirilib və bir ay ərzində 20 min tamaşaçı cəlb edib. "YARAT!" müasir incəsənət məkanının təşkil etdiyi növbəti əhəmiyyətli hadisə "012 Bakı Public Art Festival" oldu.

"YARAT!"-ın əsas məqsədlərindən biri Azərbaycanda müasir incəsənətin təbliği və peşəkar şəkildə himayə edilməsidir. "YARAT!" həmçinin təhsil təşəbbüsləri təklif etmək, yerli və xarici rəssamlar üçün beynəlxalq tədris proqramları hazırlamaq niyyətindədir.

"YARAT!"-ın qurucusu Aida Mahmudova 14 yaşından Londonda təhsil alıb. Orada məktəbi bitirdikdən sonra məhşur Central Saint Martins İncəsənət və Dizayn Kollecində oxuyub. 16 yaşından Londonda yaşayır. Bakıda olarkən rəssamlarla və onların yaradıcı üslubu və potensialı ilə yaxından tanış olduqdan sonra Aida yaradıcılıq yolu və dialoqa ruhlandıran yeni birlik yaratmağın vacibliyi ideyasına gəlib. Rəssam Aida Mahmudova "YARAT!" qeyri-kommersiya təşkilatının vasitəsilə elə bir özül yaratmaq istəyir ki, onun sayəsində müasir Azərbaycan rəssamları peşəkar sərgidə daha artıq inkişaf edərək, daha geniş yerli və beynəlxalq auditoriya qarşısına çıxmaq imkanı əldə etmiş olsunlar. Aida, həmçinin öz fəaliyyətində təsviri incəsənətdə Şərq və Qərb mədəniyyətlərinin sintezini də təmsil edə biləcək.

Xəbər lenti

Xəbər lenti