...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri türkiyəli həmkarı ilə görüşüb

Cəmiyyət Materials 18 Aprel 2012 16:52 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyə Diyanət Vəqfi Mütevelli (İdarə) Heyətinin ikinci başqanı Mazhar Bilgini qəbul edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri türkiyəli həmkarı ilə görüşüb

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyə Diyanət Vəqfi Mütevelli (İdarə) Heyətinin ikinci başqanı Mazhar Bilgini qəbul edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Orucov ölkələrimiz arasında din sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, bu sahədə təcrübə mübadiləsinin aparılması üçün müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanda son illər ərzində həyata keçirilən quruculuq işlərindən danışan Komitə sədri deyib ki, ölkəmizdə bütün sahələr kimi, din sahəsində də böyük inkişaf var. Əvvəlki illərlə müqayisədə cəmiyyətimizdə milli-mənəvi dəyərlərimizə münasibət müsbət mənada xeyli dəyişib.

"Təəssüf ki, bəzən qardaş Türkiyə mediasında Azərbaycandakı dini durumla bağlı yalan məlumatlara, həqiqəti əks etdirməyən yazılara da rast gəlirik. Şübhəsiz, həmin böhtan xarakterli məqalələrin qardaş ölkənin mətbuatında yer alması bizi çox məyus edir. Çox istərdim ki, Azərbaycanda səfərdə olan, ölkəmizlə yaxından tanış olan ziyalı türk qardaşlarımız bu kimi hallarda Azərbaycan tərəfinin münasibətini gözləmədən Türkiyə ictimaiyyətinə həqiqəti çatdırsınlar, düşmən dəyirmanına su tökməklə məşğul olanları, müəyyən dairələrin maraqlarına xidmət edənləri ifşa etsinlər. Biz güclü olmaq üçün mütləq bir-birimizi qorumalıyıq", - Orucov deyib.

Türkiyə Diyanət Vəqfi Mütevelli (İdarə) Heyətinin ikinci başqanı Mazhar Bilgin xalqlarımız arasında mövcud olan bağlılığı zaman-zaman sarsıtmağa çalışan kiçik qrupların olduğunu, ancaq onların Türkiyə ictimaiyyətinin fikirlərini ifadə etmədiklərini xüsusi vurğulayıb.

Bildirib ki, Türkiyədə mətbuat cəmiyyətin aparıcı qüvvəsi olsa da, bəzən demokratiyadan sui-istifadə hallarına yol verir, dedi-qodu yaradır, əsası olmayan məlumatlar yayır.

"Təbii ki, bunlar həm də vicdani məsələlərdir. Mətbuat verdiyi informasiyanın məsuliyyətini dərk etməlidir. Əks halda, qeyd etdiyiniz problemlər ortaya çıxır. Türkiyədə Azərbaycanla bağlı yazılan böhtanlar, edilən çıxışlar bizi də sizin qədər narahat edir. Ancaq tam əmin ola bilərsiniz ki, iki-üç yazı, yaxud məqalə ilə nə Türkiyə dövlətinin, nə də Türkiyə xalqının Azərbaycana və ya onun xalqına münasibəti dəyişər", - Bilgin qeyd edib.

Azərbaycan ilə Türkiyə arasındakı dost və qardaş münasibətlərin kökündə milli-mənəvi dəyərlərimizin eyniliyinin dayandığını vurğulayan Mazhar Bilgin ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazandığı uğurlardan fərəhləndiyini ifadə edib.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Diyanət Vəqfi arasında işgüzar münasibətlərin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti