Azərbaycan, Bakı, 7 may /Trend/
9 may - Qələbə Günü ərəfəsində Azərbaycanın Moldovadakı səfirliyi bu ölkənin paytaxtı Kişinyov şəhərində "Eternitate" Memorial Kompleksində Azərbaycan Şəhidlər xiyabanını açıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Moldovadakı səfirliyindən məlumat verilib.
Ağacların əkilməsi və xatirə lövhəsinin açılışı tədbirində Moldovanın səhiyyə naziri Andrey Usatıy, Ukrayna səfiri Sergey Pirojkov, Türkiyə səfiri Mehmet Səlim Kartal, Xarici İşlər Nazirliyi və Avropa İnteqrasiyası İdarəsinin müdiri Nikolay Mınya, Moldova Müharibə Veteranları və Hərbi Xidmət Komitəsinin rəhbəri Yefim Donos, Moldovanın keçmiş müdafiə naziri Valeriu Pleşka, Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Vüqar Novruzov və digərləri iştirak və çıxış ediblər.
Tədbirdə, həmçinin Kişinyovda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilat nümayəndəliklərinin hərbi attaşeləri və digər nümayəndələri, Moldova Etnomədəniyyət Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Nikolay Terzi, Moldovanın ictimai xadimləri, Moldova Azərbaycanlıları Konqresinin üzvləri və KİV nümayəndələri iştirak ediblər.
Xatirə lövhəsində Azərbaycan və Moldova dilində olan yazıda deyilir: "Azərbaycan Respublikasının Moldova Respublikasında səfirliyi. "Şuşa" şəhidlər xiyabanı. Kişinyov. 09.05.2012".
Memorial Kompleksdə oxşar xiyabanlar Belarus, Ukrayna və Rusiyanın Moldovadakı səfirlikləri tərəfindən açılıb.
Tədbirdə Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev çıxış edib.