...

Azərbaycanda tələbələr arasında keçiriləcək mahnı müsabiqəsinin devizi açıqlandı

Cəmiyyət Materials 9 May 2012 10:35 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında mayın 17-də Heydər Əliyev adına Sarayda keçiriləcək "Univision" mahnı müsabiqəsinin devizi artıq bəlli olub.
Azərbaycanda tələbələr arasında keçiriləcək mahnı müsabiqəsinin devizi açıqlandı

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında mayın 17-də Heydər Əliyev adına Sarayda keçiriləcək "Univision" mahnı müsabiqəsinin devizi artıq bəlli olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, müsabiqənin yarımfinalı mayın 15-də keçiriləcək. Müsabiqədə qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq deviz "Birinci ol" adlandırılıb.

Devizin müəyyən olunması üçün aprel ayının 26-dan başlayan müsabiqəyə 10 gün ərzində ali təhsil ocaqlarının tələbələrindən 100-dən çox təklif daxil olub.

Tələbələr devizin seçimində daha çox tələbəlik və birincilik sözlərindən istifadə ediblər.

Devizin seçimi ilə bağlı keçirilən müsabiqə zamanı ən çox fəallıq göstərən unversitetlər Bakı Slavyan, Bakı Dövlət, Azərbaycan Dillər, Xəzər və Dövlət İqtisad universitetləri olub.

Nəticə etibarilə verilən qərara əsasən deviz "Birinci ol" adlandırılıb. Bununla yanaşı, hazırda metrostansiyalarda və şəhərin mərkəzi küçələrində "Univision" layihəsi ilə bağlı bilbordların asılması işlərinə başlanılıb. Eyni zamanda, universitetlərdə tələbələr tərəfindən fəal şəkildə fan klublar yaradılır.

Qeyd edək ki, "Univision" mahnı yarışması Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə həyata keçiriləcək. Gələcəkdə bu musiqi yarışmasına xarici ölkələrdən olan universitetlərin də cəlb olunması istiqamətində işlər görülür.

"Univision" tələbə mahnı yarışmasına Azərbaycanın 26 universitetindən tələbələr qatılacaq. İki mərhələdə keçiriləcək yarışmanın finalına 10 universitet vəsiqə qazanacaq. Qaliblərə yarışmanın və ittifaqın siması olmaqla bərabər, mükafat da veriləcək. Müsabiqənin münsiflər heyəti gizli tərkibdən təşkil olunacaq ki, burada təmsil ediləcək şəxslərin kimliyi açıqlanmayacaq. Səsvermə gizli tələbə şuraları tərəfindən gerçəkləşəcək.

Xəbər lenti

Xəbər lenti