...

Bu gündən məktəblərdəki vakant müəllim yerlərinə ərizə qəbulu başlayır

Cəmiyyət Materials 1 İyul 2012 09:00 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bu gündən 2012-2013-cü tədris ili üçün respublikanın orta ümumtəhsil məktəblərinə və peşə liseylərinin vakant müəllim yerlərinə işə qəbul olmaq istəyənlər üçün elektron ərizə qəbuluna başlayır
Bu gündən məktəblərdəki vakant müəllim yerlərinə ərizə qəbulu başlayır

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bu gündən 2012-2013-cü tədris ili üçün respublikanın orta ümumtəhsil məktəblərinə və peşə liseylərinin vakant müəllim yerlərinə işə qəbul olmaq istəyənlər üçün elektron ərizə qəbuluna başlayır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ərizə vermək istəyənlər TN-in internet saytına (www.edu.gov.az) daxil olaraq, "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsindəki "Elektron ərizə forması"nı açmalıdırlar. Namizəd "Vakant yerlər barədə məlumat"ın axtarış sahələrinə müvafiq məlumatları (rayon (şəhər), ixtisas, təlim dili) daxil etməklə uyğun ixtisasdan olan vakant yerləri seçməlidir. Uyğun ixtisas üzrə ən çox 8 vakant yer seçilə bilər. 2 və daha artıq yer seçənlər vakant yerlərin ardıcıllığına diqqət yetirməlidirlər. Çünki elektron proqram təminatı imtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə yerləşdirilməsi zamanı seçim ardıcıllığını birincidən başlayaraq nəzərə alır.

Elektron ərizəyə bütün məlumatları daxil etdikdən sonra namizəd "Qeydiyyat" düyməsini sıxaraq ərizəsini qeydiyyatdan keçirir. Namizəd qeydiyyata alınan ərizəsini bir daha diqqətlə yoxlamalı və məlumatların düzgünlüyünə əmin olduqdan sonra "Təsdiq edirəm" düyməsini sıxmalıdır.

İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində elektron ərizəyə daxil edilmiş məlumatlar sənədlərin əsli ilə tutuşdurularaq yoxlanılacaq. Ərizəsinə yanlış məlumatlar daxil edən namizədin müsabiqə nəticələri ləğv olunacaq.

Hər bir namizəd yalnız bir dəfə ərizə doldura və onu təsdiqləyə bilər. Namizəd ərizəni təsdiqlədikdən sonra "Çap etmək" düyməsini sıxaraq onu çap etməlidir.

Ərizə təsdiq edildikdən sonra proqram tərəfindən namizədə şəxsi kod və parol təyin olunur. Təyin edilən kod və parol mütləq yazılıb götürülməli və ya çap edilməlidir. Çünki kod və parol hər bir namizədin onun üçün nəzərdə tutulmuş "Şəxsi səhifə"yə daxil olmasına, test imtahanında iştirak etməsinə icazə verir.

Namizədlərdən vakant yerlərə elektron ərizə qəbulu iyulun 15-dək aparılacaq.

Xəbər lenti

Xəbər lenti