...

Nuşirəvan Məhərrəmli: Azərbaycanda internet televiziyasının fəaliyyəti tənzimlənməlidir

Cəmiyyət Materials 20 İyul 2012 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda efir televiziyası ilə yanaşı, internet televiziyasının fəaliyyətinin də tənzimlənməsini zəruri sayır. Trend-in cümə günü verdiyi məlumata görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, internet televiziyalarının fəaliyyətinin tənzimlənməsi bütün dünyada müzakirə olunan məsələlərdən biridir.

"Avropa ölkələrində də bu məsələ uzun müddətdir ki, müzakirə olunur. Amma çox təəssüf ki, hələ konkret mexanizmlər yoxdur", - Məhərrəmli deyib.

O, əlavə edib ki, Azərbaycanda da internet televiziyalarının sayı son zamanlar xeyli artıb. İnternet radio və televiziyalarının sayı 30-a yaxınlaşıb. Lakin bu fəaliyyət növünü tənzimləmək mexanizmi demək olar ki, yoxdur.

"İstənilən halda internet və efir televiziyası getdikcə artır. Hər ikisinin imkanları bir-biri ilə çuğlaşaraq birləşir. İnternetin təsiri cəmiyyətdə getdikcə artır və artdıqca da təbii ki, onun tənzimlənməsi ehtiyacı yaranır. Efir televiziyası tənzimlənirsə, nə üçün internet televiziyası tənzimlənməməlidir? Avropa ölkələrində də, bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Sonda yəqin ki, vahid tənzimlənmə yolu tapılacaq və biz o zaman məsələyə baxacağıq", - Məhərrəmli bildirib.

Xəbər lenti

Xəbər lenti