Azərbaycan, Bakı, 23 iyul /Trend müxbir M.Əliyev/
Parlament Jurnalistləri Birliyinin üzvləri və deputat Fuad Muradov 22 iyul - Milli Mətbuat Gününü fiziki qüsurlu uşaqların əhatəsində qeyd ediblər.
Trend-in məlumatına görə, tədbir Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 7 nömrəli uşaq internat evində baş tutub.
İnternat evinin direktoru Qətibə Əzizova uşaqlara göstərilən diqqətə görə qonaqlara təşəkkürünü bildirib və jurnalistləri mətbuat bayramı münasibətilə təbrik edib.
Deputat Fuad Muradov isə bildirib ki, xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu uşaqlar bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır.
"Bu ağrılı problem hər birimizi narahat etməlidir. Hər kəs əlindən gələn qədər bu uşaqlara qayğı göstərməlidir", - deputat deyib.
Sonra jurnalistlər internat evində fiziki qüsurlu uşaqların yaşayış şəraiti, həmçinin uşaqların əl işləri ilə tanış olublar.
Qeyd edək ki, Saray qəsəbəsində yerləşən 7 nömrəli uşaq internat evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub.