...

Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan bölməsi yaradıla bilər (FOTO)

Cəmiyyət Materials 27 İyul 2012 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

İyulun 27-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) Bakıda səfərdə olan Avropa Qəzetçilər Dərnəyinin başqanı Adnan Fişenklə görüş keçirilib. Görüşdə dərnəyin Azərbaycan təmsilçisi Afaq Fərzəlibəyova və digər qonaqlar iştirak ediblər.

KİVDF-dən Trend-ə verilən məlumata görə, Fondun icraçı direktoru Vüqar Səfərli Fondun yaranma tarixi, fəaliyyət mexanizmi və iş prinsipləri barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, Fond yarandığı gündən müstəqil mətbuata maliyyə dəstəyi verib.

"Müstəqillik əldə etdikdən sonra qəzetlərin qeydiyyatı sadələşdirildi. Ölkədə qəzet bolluğu yarandı. Lakin onlar maliyyə çətinlikləri ilə üzləşdilər. Hətta bəzi qəzetlər bağlandı. Baş redaktorların müraciətləri əsasında ulu öndər Heydər Əliyev qəzetlərin nəşriyyata olan borcunu iki il müddətinə dondurdu. Ulu öndərin davamçısı Prezident İlham Əliyev Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu təsis etməklə müstəqil qəzetlərin çətinliklərinə son qoymuş oldu", - o deyib.

İcraçı direktorun məlumatına görə, Fond fəaliyyətə başladığı gündən kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin möhkəmləndirilməsinə xidmət edən çoxsaylı layihələr icra edib.

Vüqar Səfərli jurnalistlərin mənzil-məişət problemlərinin həlli istiqamətində görülən işlərdən də danışıb. O qeyd edib ki, gələn il xeyli sayda jurnalist mənzillə təmin olunacaq: "Fond ölkədə fəaliyyət göstərən jurnalist təşkilatlarına da qayğı göstərir. Eyni zamanda, beynəlxalq təcrübəni öyrənmək məqsədilə ötən illər jurnalistlərin Avropa və Türkiyəyə səfərləri təşkil edilib".

Daha sonra dialoq və diskussiya şəraitində davam edən görüşdə Fondun icraçı direktoru qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirib.

Avropa Qəzetçilər Dərnəyinin başqanı Adnan Fişenk isə öz növbəsində jurnalistlərin sosial vəziyyətinin, KİV-in maddi texniki bazasının gücləndirilməsi və onların peşəkarlığının artırılması istiqamətində Fondun həyata keçirdikləri tədbirləri yüksək dəyərləndirdiyini bildirib. Dərnəyin Azərbaycan bölümünün yaradılmasını istəyən Fişenk bununla əlaqədar Fondun icraçı direktorunun ona yardımçı olmasını da xahiş edib.

Sonda Adnan Fişenk səmimi qəbula görə Fondun icraçı direktoru Vüqar Səfərliyə öz təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti