...

Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı hüquqi baza təkmilləşdirilir (FOTO)

Cəmiyyət Materials 31 İyul 2012 15:45 (UTC +04:00)
Gəncə şəhərində əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının qorunması məqsədilə hazırlanmış layihə sənədlərinin aidiyyəti dövlət qurumları və ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları tərəfindən müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib.
Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı hüquqi baza təkmilləşdirilir (FOTO)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Gəncə şəhərində əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının qorunması məqsədilə hazırlanmış layihə sənədlərinin aidiyyəti dövlət qurumları və ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları tərəfindən müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib. Bu barədə çərşənbə axşamı Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlik tərəfindən təşkil olunan "dəyirmi masa"nı nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İsgəndər Mustafayev giriş sözü ilə açaraq bildirib ki, ölkəmiz BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaqla öz üzərinə mühüm öhdəliklər götürüb. Konvensiyanı ratifikasiya etmiş iştirakçı dövlətlər əlilliyi olan şəxslərin bir fərd kimi cəmiyyətdə maksimum səviyyədə müstəqillik əldə etməsi və onu saxlaması, tam fiziki, əqli, sosial və peşə bacarığına malik olması üçün hüquqi, iqtisadi, sosial şəraitin yaradılmasını təmin etməli, eyni zamanda, əlilliyi olan insanların cəmiyyətə tam inteqrasiyası istiqamətində proqramların, strategiyaların hazırlanmasını və həyata keçirilməsini milli siyasətlərinin mühüm prioritetlərinə daxil etməlidirlər.

Qeyd olunub ki, ölkədə əlillərlə bağlı tədbirlərin effektiv həyata keçirilməsi, əlilliyi olan şəxslərin iqtisadi müstəqilliyinin artırılması, onların həyatın bütün sahələrinə tam inteqrasiyasına geniş şərait yaradılması məqsədilə "2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın həyata keçirilməsi üçün Tədbirlər Planının, "Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramının hazırlanması və onun həyata keçirilməsi Qaydaları"nın, həmçinin "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunun layihələri hazırlanıb. Əsas məqsəd isə əlilliyi olan şəxslərlə bağlı milli qanunvericilikdə ümumbəşəri dəyərlər əsasında təkmilləşdirmələr aparmaqdır.

Həmin layihə sənədlərində reabilitasiya tədbirlərinin səmərəsinin artırılması məqsədilə əlilliyi olan şəxslərin fərdi reabilitasiyasına xidmət edən qaydaların hazırlanması, 2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair tədbirlərin həyata keçirilməsi, o cümlədən onların sağlamlığının mühafizəsi və bərpası, təhsili və peşəyönümünün yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, informasiya və kommunikasiya texnologiyalarının istifadəsi üçün şəraitin yaradılması, mövcud sosial infrastruktur obyektlərinin əlillər üçün müyəssərliyi ilə bağlı zəruri işlərin görülməsi nəzərdə tutulub.

"Dəyirmi masa"da qeyd olunan layihə sənədləri geniş müzakirə olunub. Tədbirdə həmçinin əlilliyi olan şəxslərin innovativ xidmət və vasitələrlə təmin olunması, tibbi-sosial reabilitasiya işinin təkmilləşdirilməsi, sosial infrastrukturun müyəssərliyi, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər bildirilib.

Sonda "dəyirmi masa" iştirakçılarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırlanan, əlilliyin müəyyən olunması, habelə tibbi-sosial reabilitasiya və protez-ortopedik bərpa xidməti, reabilitasiya vasitələri ilə təmin edilmək üçün alternativ müraciət qaydalarını əks etdirən bukletlər paylanıb.

Xəbər lenti

Xəbər lenti