...

Azərbaycan Parlamenti "Heyvanlar aləmi haqqında" qanuna dəyişiklik edib

Cəmiyyət Materials 1 Oktyabr 2012 17:17 (UTC +04:00)
Trend-in məlumatına görə, dəyişikliyə əsasən vəhşi heyvanları yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlayanlar cəzalandırılacaqlar.
Azərbaycan Parlamenti "Heyvanlar aləmi haqqında" qanuna dəyişiklik edib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi "Heyvanlar aləmi haqqında" qanuna dəyişiklik edib.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən vəhşi heyvanları yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlayanlar cəzalandırılacaqlar.

Qanunun 24-cü maddəsinə "Vəhşi heyvanların xüsusi icazə olmadan təbii mühitdən ayırmaqla və digər qanunsuz yollarla əldə etməklə yarımsərbəst və qeyri-sərbəst şəraitdə, müvafiq tələblərə riayət etmədən saxlanması, mühafizəsi və istifadəsi aşkar olunduqda həmin heyvanlar bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən geri götürülməli, onların reabilitasiyasına çəkilmiş xərclər ödənilməlidir" mətni əlavə olunub.

Qanun layihəsini təqdim edən Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib ki, 1999-cu ildə qəbul olunan və sonradan bir neçə dəfə dəyişiklik edilən "Heyvanlar aləmi haqqında" qanun bu dəyişikliklə daha da sərtləşdiriləcək.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər nəticəsində zooloji kolleksiyaların yaradılması və onlarla ticarət qaydalarını pozanlara qarşı cəzalar sərtləşdirilib.

Dəyişikliyə görə, zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, ölkəyə gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 5000 manat cərimə ediləcək. Ticarət qaydalarının pozulmasına görə isə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 3000 manat cərimə olunacaq.

Xəbər lenti

Xəbər lenti