Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
28-30 oktyabrda Bakıda "Sərhədsiz gənclər əməkdaşlığı" adlı beynəlxalq forum keçirilir. Forumun təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğudur.
Azərbaycan Gənclər Fondundan Trend-ə verilən məlumata görə, Forumun keçirilməsinin əsas məqsədi Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramı və tərəfdaş ölkələr arasında qeyri-formal təhsil sahəsi üzrə beynəlxalq gənclər əməkdaşlığının tanınmasının inkişaf etdirilməsidir.
100-dən çox yerli, Avropa və dünya ölkələrindən olan iştirakçının qatıldığı forum ingilis dilində keçirilir.
Bugün saat 10:00-da "Kempinski Badamdar" hotelində forumun rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Avropa İttifaqı "Gənclər Fəaliyyətdə" proqramının Polşa Milli Agentliyinin direktoru Tomasz Bratek, SALTO Şərqi Avropa və Qafqaz üzrə Resurs Mərkəzinin Koordinatoru Andriy Pavlovych və Avropa İttifaqının Siyasi, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin müdiri Toralf Pilz çıxış edərək, forum iştirakçılarına uğurlar arzu ediblər. Daha sonra Gənclər Fondunun əməkdaşı Nərminə Əliyeva forum iştirakçılarına Fondun təqdimatını keçirib, fəaliyyət istiqamətləri və müraciət qaydaları haqqında ətraflı məlumat verib. Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Kipr, Macarıstan, Polşa, İtaliya, İspaniya, Sloveniya, Türkiyə, İngiltərə, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Misir, Mərakeş, İordaniya, Tunis, Albaniya, Makedoniya, Serbiya, Estoniya, Norveç, Lüksemburq, İsveç, Fransa kimi ölkələrin gənclər təşkilatlarının, milli agentliklərinin nümayəndələrinin iştirak etdiyi forum 3 paneldə davam edəcək. Panellərin mövzuları "Gənclər Fəaliyyətdə" Proqramı və tərəfdaş ölkələr arasında əməkdaşlıq, "Gənclər Fəaliyyətdə" proqramının mənim regionuma təsiri və reallıqlar, gələcək perspektivlərdir. Bununla yanaşı, forumun rəsmi açılışından sonra iştirakçılar təqdimatlar keçirəcək, diskussiyaların nəticələrini müzakirə edəcəklər.