...

Azərbaycan jurnalistləri üçün fərdi yazı müsabiqəsi elan edilib (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2012 18:55 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib.
Azərbaycan jurnalistləri üçün fərdi yazı müsabiqəsi elan edilib (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib. Yığıncaqda Suraxanı rayon ictimaiyyətinin nümayəndələri və 30-dək tanınmış kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Fonddan Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov media nümayəndələrini son illər rayonda görülən abadlıq-quruculuq işləri ilə yaxından tanış edib. Bu məqsədlə tədbir iştirakçıları rayonda fəaliyyət göstərən 268 saylı körpələr evi-uşaq bağçasında, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzində, 327 saylı tam orta məktəbdə və "Atəşgah Məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğunda olublar. Konfrans iştirakçılarına adıçəkilən müəssisələrin fəaliyyəti barədə geniş məlumat verilib. Mərasimə dəvət edilmiş media təmsilçiləri rayonda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyublar. Tədbirdə Suraxanı rayonu ilə bağlı film də nümayiş etdirilib. Bundan sonra konfrans geniş heyətlə rayon icra hakimiyyətində davam edib.

Yığıncaq iştirakçılarını salamlayan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarına konfransın mahiyyəti barədə məlumat verib. Bu cür tədbirlərin ənənə halını aldığını söyləyən icra başçısı artıq ötən il rayonda belə bir konfransın keçirildiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında Fondun fəaliyyətindən söz açaraq bildirib ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin möhkəmləndirilməsinə, habelə beynəlxalq təcrübəni mənimsəmələrinə xidmət edən çoxsaylı layihələr icra edilib.

Azərbaycan mətbuatının müstəqillik dövründə böyük uğurlar qazandığını tədbir iştirakçılarının nəzərinə çatdıran Fondun icraçı direktoru bu sahədə ulu öndər Heydər Əliyevin əvəzsiz xidməti olduğunu bildirib. Dövlətin mətbuata mütəmadi olaraq qayğı göstərdiyini söyləyən Səfərli 2009-cu il aprelin 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını xatırladıb. Jurnalist peşəkarlığının artırılması istiqamətində görülən işlərdən danışan Vüqar Səfərli qeyd edib ki, Fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir. İcraçı direktor belə tədbirlərin mətbuat nümayəndələri ilə yerli icra strukturları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verdiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

2012-ci ilin 9 ayı ərzində Suraxanı rayonunda görülmüş işlər barədə qısa məlumat verən Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov, öz növbəsində, Fondun təşəbbüsü ilə keçirilən konfransın məmurlarla jurnalistlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını deyib. O vurğulayıb ki, rəhbərlik etdiyi rayon Bakının ən böyük rayonlarından biridir. Onun sözlərinə görə, son illər ölkədəki dinamik sosial-iqtisadi inkişaf Suraxanı rayonundan da yan keçməyib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov son illər Suraxanı rayonunda böyük abadlıq işlərinin aparıldığını söyləyib: "Bu gün biz rayonu gəzərkən böyük quruculuq işlərinin görüldüyünün şahidi olduq. Həqiqətən son illər Suraxanı rayonunun mənzərəsi dəyişib. Bütün bunlar göz qabağındadır".

Amaşov milli jurnalistikamızın cəmiyyətin tərəqqisinə verdiyi sanballı töhfələrdən də söz açıb. O, həmçinin, ölkə həyatının ən müxtəlif sahələrində həyata keçirilən islahatların cəmiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında, habelə demokratik proseslərin inkişafında ölkə mətbuatının xidmətlərinin böyük olduğunu deyib.

Daha sonra dialoq və diskussiya şəraitində davam edən tədbirdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib. "525-ci qəzetin" baş redaktoru Rəşad Məcid və digər iştirakçılar çıxışlarında icra strukturları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıblar. Konfransda kütləvi informasiya vasitələri ilə yerli icra strukturları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Fondun icraçı direktoru Vüqar Səfərli Fondun Suraxanı rayon İcra Hakimiyyəti ilə birgə razılıq əsasında "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və prespektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirəcəyini bəyan edib və belə bir konfransın keçirilməsinə verdiyi dəstəyə görə Suraxanı rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov sonda tədbirin jurnalistlərlə icra strukturları nümayəndələri arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olduğunu önə çəkərək, faydalı təşəbbüsə görə Fondun icraçı direktoruna və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinə öz təşəkkürünü bildirib.

Sonra Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Suraxanı rayon İcra Hakimiyyəti ilə birgə fərdi jurnalist yazıları müsabiqəsini elan edib.

Müsabiqənin məqsədi Suraxanı rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin mövzusu "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" adlanır.

Müsabiqədə müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 02.11.2012-cil il tarixində başlayır, 14.12.2012-ci il tarixində başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fonda şəxsən təqdim olunmalıdır.

Müsabiqədə I yer üçün bir, II yer üçün iki, III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcək.

Qaliblər, həmçinin Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti