Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Noyabrın 7-də Bakı İdman Sarayında Dövlət Bayrağı Gününə həsr olunmuş II Respublika Bayraq Festivalı keçiriləcək.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən festival çərçivəsində gənc rəssamların iştirakı ilə müsabiqənin keçirilməsi, qaliblərin mükafatlandırılması və tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil ediləcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Festival Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Dövlət bayrağı Gününün təsis edilməsi haqqında" 17 noyabr 2009-cu il tarixli Sərəncamına və "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən təşkil edilir.
Tədbirdə dövlət qurumlarının, qeyri-hökümət təşkilatları nümayəndələrinin, millət vəkillərinin, tələbələrin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların zabit və əsgər heyətinin, gənclər təşkilatlarının üzvlərinin və fəal gənclərin iştirakı nəzərdə tutulub.
Festivalın sonunda isə tədbir iştirakçılarının müşayiəti ilə Bakı İdman Sarayının yaxınlığında şarlardan düzəldilmiş rəmzi bayraq maketi havaya buraxılacaq.