...

Azərbaycanın təhsil naziri ali məktəblərdə yeni islahatların aparılmasını təklif edib

Cəmiyyət Materials 12 Noyabr 2012 10:54 (UTC +04:00)
Azərbaycanın ali məktəblərində lüzumsuz kafedra və fakültələrin sayı azaldılmalıdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov bazar ertəsi jurnalistlərə deyib.
Azərbaycanın təhsil naziri ali məktəblərdə yeni islahatların aparılmasını təklif edib

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ali məktəblərində lüzumsuz kafedra və fakültələrin sayı azaldılmalıdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov bazar ertəsi jurnalistlərə deyib.

"Demirəm ki, kafedra və fakültələrin sayı kütləvi şəkildə azalsın. Sayın artırılmasındansa, hər halda məktəblərdə daha çox qabiliyyəti olan işçilər saxlanılmalıdır. Ona görə də ali məktəb rəhbərləri optimal, çevik bir variantı seçib, ali məktəbi yaşatmalıdırlar", - nazir qeyd edib.

Onun sözlərinə görə, dövlət sifarişli yerlər üzrə tələbə qəbuluna başladıqda bunun ali məktəblərdə daha sağlam rəqabət mühiti yaradacağı və dövlət sifarişli yerlər üzrə daha çox tələbə qəbulu aparan məktəbin işinin yaxşı olacağı hesab edilib.

"Əlbəttə, bütövlükdə bu istiqamətdə müsbət işlər getsə də, biz hələ gözlədiyimizi ala bilməmişik", - Mərdanov qeyd edib.

O əlavə edib ki, bu gün ali məktəblərin büdcələrinin iki əsas mənbəyi var. Onlardan biri ödənişli əsaslarla təhsil alan tələbələrin ödədiyi təhsil haqqı, digəri isə dövlət sifarişli yerlər üzrə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsaitidir.

Mərdanov hesab edir ki, eyni ixtisas üzrə dövlət sifarişli yerlərdə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsait ödənişli yerlər üzrə təhsil alan şəxsin ödədiyi vəsaitdən kifayət qədər yüksək olmasa, bu addımın ciddi əhəmiyyəti olmayacaq.

Nazirin sözlərinə görə, ali məktəb dövlət sifarişli yerlər üzrə təhsil alanların sayının çox olmasında maraqlı olmalıdır. Bu maraq da o zaman ola bilər ki, dövlət sifarişli yerlər üzrə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsait ödənişli yerlər üzrə təhsil haqqının məbləğindən yüksək olsun.

"Hələlik bu istiqamətdə işlər aparılır. Ola bilər ki, gələcəkdə bu işin gedişində bəzi ali məktəblər üçün ciddi problemlər yaransın. Ona görə də ali məktəblərin rektorları, Elmi şuraları bu məsələni ciddi müzakirə etməlidir", - Mərdanov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti