...

Azərbaycanda qida təhlükəsizliyi problemi

Cəmiyyət Materials 14 Dekabr 2012 13:39 (UTC +04:00)
Azərbaycanda bu il qidadan zəhərlənən insanların sayı ötən illə müqayisədə artıb.
Azərbaycanda qida təhlükəsizliyi problemi

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu il qidadan zəhərlənən insanların sayı ötən illə müqayisədə artıb.

Respublika Gigiyena və Epidemilogiya Mərkəzindən cümə günü Trend-ə verilən məlumata görə, 2011-ci ildə əhali arasında 826 zəhərlənmə hadisəsi baş verib, nəticədə 980 nəfər zəhərlənib. Bu ilin yanvar-noyabr ayları ərzində isə 1132 zəhərlənmə hadisəsi baş verib. Bunun nəticəsində 1376 nəfər zəhərlənib. Qidadan zəhərlənənmələrin 21-i botulizm hadisəsi olub, bunun nəticəsində 29 nəfər zəhərlənib. Ötən il ərzində isə 31 botulizm hadisəsi nəticəsində 56 nəfər zəhərlənmişdi.

Qeyd edək ki, qış mövsümünün başlanılması ilə əlaqədar əhali arasında turşulardan zəhərlənmə halları artır. Bir neçə gün əvvəl Ağdam rayonunda bir ailənin 7 üzvü pomidor turşusundan zəhərlənib. Onlardan 2-si dünyasını dəyişib.

Ev şəraitində konservləşdirən məhsullardan istifadə edən insanları daha diqqətli olmağa çağıran RGEM-in Qidalanma bölməsinin müdiri İmran Abdullayev isə Trend-ə bildirib ki, belə məhsullar çox təhlükəli və ölümlə nəticələnmək riski yüksək olan botulizm hallarına gətirib çıxarır.

Mərkəz rəsmisinin sözlərinə görə, botulizm hadisələri daha çox ev şəraitində qeyri-düzgün texnologiya ilə konservləşdirilən məhsulların - turşuların qəbulu nəticəsində baş verir.

Abdullayev deyib ki, turşulardan zəhərlənmələrin baş verməməsi üçün həmin məhsullar konservləşdirilərkən çox diqqətlə, təmiz yuyulmalıdır.

"Bəziləri evdə turşu qoyarkən məhsulları bir ləyənə tökür və yaxalayırlar. Ancaq məhsulu yaxalamaqla kifayətlənmək çox təhlükəlidir. Çünki məhsul yaxalandıqda zərərli mikroorqanizmlər məhsulun olmayan hissələrinə də yayıla bilər. Ona görə də konservləşdirilən məhsul mütləq təmiz yuyulmalı, sonra isə uzun müddət su şırnağı altında saxlanılmalıdır", - o deyib.

İnsanlara istesalat şəraitində hazırlanmış məhsulları almağı tövsiyə edən Abdullayev bildirib ki, belə məhsullar evdən fərqli qaydada - xüsusi aqreqatlarda yuyulur. Burada məhsullar saatlarla yüksək təzyiqli suyun altında qarışdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti