Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Dekabrın 26-sı gündüzdən Azərbaycanda hava şəraitinin nisbətən sabitləşəcəyi, sonrakı iki gündə temperaturun tədricən yüksələcəyi, arabir güclənən cənub küləyinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında dekabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin dekabrın 25-dən 26-na keçən gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 25-dən 26-na keçən gecə və səhər havanın əsasən şərq rayonlarında yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarında qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcə isti olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.